Bayram günlərinin sayı azaldılacaq?- DEPUTATDAN ŞƏRH
    • 23-07-2022, 12:23
    • 322

Bayram günlərinin sayı azaldılacaq?- DEPUTATDAN ŞƏRH

Bayram günlərinin sayının azaldılması ilə bağlı  təklifə deputat Razi Nurullayev münasibət bildirib. 

News24.az-ın məlumata görə, bu barədə millət vəkili sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, Azərbaycanda bəzi ölkələrə nisbətdə bayram günlərinin sayı çox ola bilər. Amma bayram günlərinin sayını azaldaraq iş effektivliyinə və iqtisadiyyatın inkişafına nail olmaq məsələsi ilə razılaşmıram. Düşünmürəm ki, iş günlərinin sayını artırmaqla Azərbaycanda iqtisadi inkişaf yüksələr, vətəndaşlarımızın sosial həyatı, qazancı artar: "Son zamanlar dünya ölkələrində müşahidə etdiyim tendensiya budur ki, onlar iş saatlarını azaldırlar, vətəndaşa istirahət, yaşayışı üçün daha çox zaman tanımaq yolunu tuturlar. Əslində hazırda Azərbaycanda insanların Əmək Məcəlləsinə görə iş saatı 8 saatdır. Buna baxmayaraq, elə insan var ki, 12-14 saat işləyir. Hətta dövlət idarələrində də insanlar 8 saatdan çox işləyirlər. Elə olur, nazir belə, 8 saatdan sonra əlavə olaraq 4-5 saat iş yerində qalır. Nazir qalırsa, 300-400 nəfərlik kollektivi də iş yerində qalır. Hətta Prezident Administrasiyasında işləyənlər belə, evlərinə vaxtında getmir. Ölkədəki vəziyyətə, tapşırıqlara uyğun 10-12, hətta elə olur, 13-14 saat iş yerində qalmalı olurlar.

Eynilə tikinti sahəsində çalışan fəhlələr də 8 saat yox, bəzən 13 saata yaxın işləyirlər. Muzdlu işçilər də bunun kimi. Məncə, Azərbaycanda bu gün işləyən insanların ən böyük problemi daha çox iş yerində zaman keçirmələridir. Onlar bəzən ailələrinə, uşaqlarına ayırmağa zaman tapmırlar. Şənbə günü, hətta bəzən bazar günləri də onları işə dəvət edirlər. Çox az sayda qurum var ki, 8 saatlıq iş rejiminə əməl edir.

Nazirlər Kabinetinin bayram günləri ilə bağlı qəbul etdiyi qərarı dəstəkləyirəm. Şənbə-bazara düşən bayram günlərinin növbəti həftə içinə keçirilməsi nəticəsində bəzən bayram günlərinin sayı 5-6 günə çata bilər. Bu, çox gözəldir. Həddən artıq yaxşıdır. Bu qərarı dəstəkləyirəm. Vatandaşlarımız da dəstəkləyir. Çünki məntiqlidir, ona görə dəstəkləyirik. Bayram günlərinin sayını azaltmaq insanlara zülm etmək olar. 4-5 günlük bayram ərzində kimlərsə ailəsini götürüb hansısa rayona gedir, problemini həll edir, xəstəsini harasa aparır"...