Mədəniyyət Komitəsi yaylağa niyə dəvət olunmayıb? - Deputatlar nazirliyə qarşı
    • 1-08-2022, 13:53
    • 661

Mədəniyyət Komitəsi yaylağa niyə dəvət olunmayıb? - Deputatlar nazirliyə qarşı

“Milli Məclisin Mədəniyyət Komitəsi Yaylaq Festivalına dəvət olunmayıb. Təşkilatçılar Mədəniyyət Komitəsinin mövqeyini, fikrini nəzərə almayıblar. Bu onu göstərir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət Komitəsilə əlaqəsi, münasibəti yox səviyyəsindədir”.

News24.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, millət vəkili Fazil Mustafa deyib.
Millət vəkil bildirib ki, MM-in Mədəniyyət Komitəsi təcrübə baxımından belə mötəbər tədbirin keçirilməsinə töhfə verə bilərdi: "Üzücüdür ki, Yaylaq Festivalının təşkilatçılığında problemlər ortaya çıxıb. Vəsait xərclənməyinə baxmayaraq, elementar məsələlər düzgün həll edilməyib. Regionun yağışlı olmasını nəzərə alaraq, hər bir situasiyaya hazır olmaq lazım idi. Bu kimi məsələlərdə sadəcə koordinasiya, iş birliyi çox önəmlidir. Açığı, Yaylaq Festivalı, onun mahiyyəti, əhəmiyyəti, təbliği və başqa məsələlərdə Mədəniyyət Komitəsi kənarda qalıb. Jurnalistlərin festivaldan narazılığı barədə isə mediadan oxumuşam. Buna görə çox üzülürəm. Çünki hamı çalışır ki, media nümayəndələri tədbiri yaxşı işıqlandırsınlar. Burada isə təşkilatçılar sanki əksinə ediblər, çalışıblar ki, media bunu əhəmiyyətsiz bir şeyə çevirsin və buna da nail olublar. Bu qədər vəsait xərclənən tədbir elementar addımların atılmaması səbəbindən ciddi narazılıqlara səbəb olub. Bu baxımdan hesab edirəm ki, gələcəkdə belə tədbirlər zamanı iş koordinasiyalı şəkildə görülməlidir”.

F. Mustafa qeyd edib ki, həm Gəncə Şəhər İcra Hakimiyyəti, həm Mədəniyyət Nazirliyi üzərinə düşən öhdəliyi lazımı səviyyədə yerinə yetirməyib:
“Bu problemlər mütəxəssislərin azlığını göstərir. Son vaxtlar ayrı-ayrı nazirliklərdə müxtəlif sahələrə təyin olunan kadrların təcrübəsi demək olar ki, yox səviyyədədir. İxtisasları da konkret həmin sahəyə uyğun deyil. Ona görə də belə nəticələr ortaya çıxır. Elementar mədəniyyət tədbirlərini təşkil edən insanlar var. Onlar qısa müddətə və az məsrəflə çox yüksək səviyyədə bunu təşkil edə bilərdilər”.

Deputatın sözlərinə görə, elə MM-in Mədəniyyət Komitəsinin bu tədbirə dəvət olunmaması da çox şeyi deyir: “Ona görə də biz bu məsələlərə kənar müşahidəçi kimi baxırıq. Onların minnəti olsun ki, biz orada iştirak edib, öz töhfəmizi verək. Bütövlükdə təcrübəsizlik hər şeydə özünü göstərir. Bu cür tədbirlərdə şəffaflıq yoxdursa, ayrılan vəsaitin xərclənməsi ilə bağlı atılan addımlar hər hansı bir şəkildə göstərilmirsə, neqativ problemlər qaçılmazdır”.

MM-in Mədəniyyət Komitəsinin üzvü, millət vəkili Aqil Abbas da Yaylaq Festivalına dəvət olunmadığını diqqətə çatdırıb:
“Hər hansı bir festivala dəvət almamışdım. Bu barədə fikir bildirə bilmərəm. Mədəniyyət Nazirliyindən belə bir dəvət olmayıb”.