Dilarə Kazımovanın "Maşın"dan gedişi ŞOK etdi - VİDEO
    • 26-12-2018, 12:16
    • 1 457

Dilarə Kazımovanın "Maşın"dan gedişi ŞOK etdi - VİDEO

Ötən gün "Maşın Şou"nun növbətini buraxılışının sonuna yaxın gözlənilməz hal yaşandı.

Şounu tərk edən reper Ramil Nabran iştirakçılarla sağollaşarkən, müğənni Dilarə Kazımovanın hisslərə qapılması xoşagəlməz halla nəticələndi. Dilarə özündən qeyri-ixtiyari bir əli Ramilin əlində ikən digər əlini maşından götürdü. Bunu görən şounun tamaşaçıları anında sosial şəbəkədə bu barədə yaradıcı heyəti məlumatlandırdı. Sağollaşmağa hazırlaşan aparıcı Murad Dadaşov bu haqda xəbər tutarkən, əmin olmaq üçün sözügedən kadrların efirdə yayımlanmasını bildirdi. Kadrlar yayımlandıqdan sonra xalq artisti təəssüf hissi ilə Dilarəni tribunaya dəvət etdi. Müğənni haqda yüksək fikirlər söyləyən Dadaşov heyfslənərək Kazımovaya "Maşın əldən getdi" dedi.

Şouya qatıldığı gündən düzgün strategiya ilə oyun aparan, mədəniyyət çərçivəsindən çıxmayan, tamaşaçı rəğbəti qazanmağı bacaran Dilarə Kazımova üçün şounun belə nəticələnməsi çoxlarını təəssüfləndirdi. Hətta sosial şəbəkə istifadəçilərinin əksəriyyəti şounun yaradıcı heyətinə Dilarə üçün güzəşt etmələri üçün müraciət etdilər. Ancaq qaydaları poza bilməyən "Maşın"çılar onların bu istəklərinə əməl edə bilmədilər. 

Dilarə Kazımova həqiqətən də şou boyunca özünü müsbət tərəfdən tamaşaçıya tanıdan və sevdirən iştirakçılardan oldu. Elə olmasaydı, hər dəfə hansısa iştirakçı şounu tərk edəndə hisslərə qapılıb, məyus olmaz, əksinə, riyakarca sevinərdi. Elə şouda nümayiş etdirdiyi bu və digər üstün cəhətləri onu tamaşaçılara çox sevdirmişdi. Hətta çoxu artıq onun qalib olmasını arzulayırdı. Ancaq təəssüf ki, bu dəfə Dilarənin məyusluğu, hissə qapılmağı şoudan getməsinə rəvac verdi. Buna baxmayaraq, müğənni şoudan sevgi və hörmətlə ayrıldı, onu sevib dəstəkləyənlərə minnətdarlığını ifadə etdi. Özü səhvən əlini maşın üzərindən götürən Dilarə qalan iştirakçılarla ehtiyatla sağollaşdı. Sağollaşarkən onun səhvini təkrarlamamaları üçün bir əlini iştirakçıların maşın üzərində olan əllərinə qoydu. Bu da təqdirəlayiq hal idi.

Beləcə, Dilarə Kazımova şounu tərk etmə tərzinə görə "Maşın Şou" tarixinə həm də bir yenilik yazmış oldu. 

Azər NƏSİBOV