Uzun illər FHN-də çalışmış Hüseynovun qətlinin TƏFƏRRÜATI
    • 22-08-2022, 16:32
    • 502

Uzun illər FHN-də çalışmış Hüseynovun qətlinin TƏFƏRRÜATI

Keçən il 31 dekabr tarixində - Yeni il bayramı günü Bakı şəhər Binəqədi rayonu 9-cu mikrorayon ərazisində Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı Fikrət Hüseynovun qətlə yetirilməsinin təfərrüatları məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, Mircəlal küçəsində yerləşən “144 Tea House” adlı kafedə 1993-cü il təvəllüdlü Cavid Atəşzadə həmin gün axşam saatlarında sərxoş vəziyyətdə özündən yaşca xeyli böyük olan Fikrət Hüseynovu kürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.

Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs mikrorayonda yaşayıb. Onlar bir neçə dəfə ərazidəki kafelərdə rastlaşıblar. Belə ki, keçən ilin sentyabrında Fikrət kafedə aşpaz işləyən 28 yaşlı Cavidi görərək yanına çağırıb və ona “sənin ananı tanıyıram, müəllimədir”, deyərək tanışlıq verib.

Fikrətin bu sözləri Cavidin xoşuna gəlməyib və bunu özünə təhqir kimi qəbul edib. Bir neçə ay həmin fikirlə dolaşan Cavid nəhayət Fikrəti qətlə yetirmək qərarına gəlib və dekabrın 31-də axşam saatlarında çay evində onunla tək qalmasından istifadə edərək onu bıçaqlayaraq öldürüb.

Cavid Atəşzadənin anası məhkəmədə bildirib ki, oğlunun psixi problemlər var və bu səbəbdən belə bir əməl törədib.

Qeyd edək ki, F.Hüseynov uzun illər Fövqəladə Hallar Nazirliyinin idarələrində müxtəlif vəzifələrdə çalışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə Cavid Atəşzadə Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Ona 17 il müddətinə həbs cəzası verilib.