İnsan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirildi - FOTO
    • 2-09-2022, 13:55
    • 763

İnsan alverinə qarşı mübarizə ilə bağlı tədbir keçirildi - FOTO

"APA Media Group", "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, "Azərbaycan Uşaqları" İctimai Birliyi", "Təmas" Regional İnkişaf İctimai Birliyi qeyri-hökumət təşkilatları arasında "Tərəfdaşlıq körpüsü" İnformasiya Dəstəyi Memorandumunun imzalanma mərasimi keçirilib.

News24.az xəbər verir ki, tədbiri girişi sözü ilə açan "APA" İnformasiya Agentliyinin Baş redaktoru Nurşən Quliyev dünyada insan alveri qurbanlarının sayının artmasına və bununla mübarizə tədbirlərinin gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.

"APA Media Group"a daxil olan təsisatların insan alverinə qarşı mübarizəyə dəstək verməyi prioritet hesab etdiyini deyən N. Quliyev bu sahə üzrə ixtisaslaşmış QHT və vətəndaş cəmiyyətləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib: “Biz həm də sosial məsuliyyət baxımından insan alveri ilə mübarizəyə hər cür dəstək verməyə hazırıq. İnanıram ki, bu Memorandum insan alveri ilə mübarizəyə öz töhfəsini verəcək”.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə isə qeyd edib ki, sağlam medianı hər zaman yanlarında görmək, məlumatları onlarla bölüşmək istəyirlər: "Memorandumu imzalamaqla yanaşı, media nümayəndələri üçün insan alveri ilə mübarizə mövzusunda iki günlük təlim keçirəcəyik. Bəzən təhsilsizlik, sosial problemlərin artması, məişət zorakılığı sonradan insan alveri ilə də nəticələnir. Sosial problemlərin aradan qaldırılması, təhsilli şəxslərin sayının artırılması insan alverinin qarşısını almağa gətirib çıxara bilər. Demirəm ki, bunun qarşısını tamamilə almaq mümkündür, lakin görülən tədbirlərlə insan alveri qurbanına çevrilən şəxslərin saylı azaldıla bilər. Biz artıq beynəlxalq hesabatlarda ölkəmizin adını insan alverinə qarşı mübarizədə ikinci sıralarda deyil, birinci sırada görmək istəyirik. İnanıram ki, bu gün imzalanan Memorandum da buna öz töhfəsini verəcək".

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova media nümayəndələrinin insan alveri ilə mübarizədə xidmətlərinin əvəzsiz olduğunu bildirib. Onun sözlərinə görə, mübarizənin ilk qədəmləri hadisələrin düzgün formada işıqlandırılmasından başlayır.

"Tədbirin bir elementi də odur ki, kiçik təşəbbüslər böyük nəticələr verir. Biz göstərdik ki, böyük maliyyələr olmadan da mübarizə aparmaq mümkündür. Lakin insan alveri ilə mübarizədə sahibkarların da iştirakı çox önəmlidir. Biz bu Memorandumu imzalamaq və təlimlə kifayətlənmək niyyətində deyilik. İnsan alveri ilə mübarizəni bir strategiya kimi götürülməli, bu sahədə fəaliyyət daha geniş miqyaslı olmalıdır”, - deyə o qeyd edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında qeyd edib ki, insan alveri dünyada diqqəti cəlb edən ən böyük problemlərdən biridir. Külli miqdarda qara pullar məhz insan alverində olur: "Burada ən çox zərər çəkən isə qadın və uşaqlardır. Bu problemlə mübarizəyə dəstək verən media qurumlarına, ictimai birliklərə dərin təşəkkürümü bildirirəm. Medianın əksər hissəsi sağlamdır. Bəzi problemli fəaliyyətlə məşğul olanlar media deyil. Hadisələrin düzgün işıqlandırılması əlaqədar qurumları hərəkətə keçməyə sövq edir”.

"Liatris Holding"in rəhbəri Ruhi Əliyeva isə insan alveri ilə mübarizədə sahibkarların da fəal iştirak etməli olduğuna diqqət çəkib: "İnsan alveri müasir dövrün ən böyük bəlasıdır. Hesab edirəm ki, bununla mübarizəyə təkcə dövlət qurumlarını, medianı, ictimai birlikləri deyil, eyni zamanda sahibkarları və vətəndaşları da cəlb etmək lazımdır. Vətəndaşlar belə məsələlərdə bir az çəkinirlər. Bir-birinə yardım etməkdən qorxurlar".

Ruhi Əliyeva bəzən yazılan məlumatların problemin həllinə xidmət etmədiyini qeyd edib, medianı, xüsusən sosial şəbəkə istifadəçilərini insan alveri qurbanları haqqında məlumatları açıq şəkildə yaymamağa çağırıb: "Bəzən həmin məlumatlar insan alverinin qurbanı olmuş şəxsə böyük zərbə vurur, onun adının ləkələnməsinə gətirib çıxarır. Qadınlarımız nə qədər təhsilli olsalar, özlərini qoruya bilərlər. Buna görə da qadınlarımızın təhsili önəmlidir. Təhsilsiz bir insan isə media da, dövlət qurumları da ona dəstək olmaq istəsələr belə, özünü tam müdafiə edə bilməyəcək. Hesab edirəm ki, bu tip problemlərin başlıca səbəbi təhsilsizlikdən qaynaqlanır. İstəyirəm ki, ucqar bölgələrimizdə insanlar arasında maarifləndirmə tədbirləri aparılsın. Nəsə bir hadisə baş verəndə dövlət qurumların üzərinə düşürük. Amma hər bir problemi də dövlət qurumu həll edə bilməz”.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovniki Araz Babayev bildirib ki, insan alveri müasir köləliyin bir forması olaraq, ən ağır cinayətlərdən sayılır: "Dünyanın hər yerində insan alveri cinayətləri baş verir. Müasir köləlik olan insan alverinə qarşı mübarizədə ictimai birliklər bizə böyük köməklik göstərir. Daxili İşlər Nazirliyi bu vaxta qədər insan alveri ilə mübarizə məqsədilə 45 təşkilatla əməkdaşlıq edib".

Araz Babayev deyib ki, insan alverinin qurbanı haqqında konfidensial məlumatları yaymaq cinayət məsuliyyəti daşıyır: "Bu cinayəti törətmiş şəxs – insan alverçisi barədə istənilən məlumatı vermək olar, lakin insan alveri qurbanlarının məlumatlarını yaymaq yolverilməzdir. Jurnalistlərə müraciət edirəm ki, insan alveri qurbanı olan bir şəxsin məlumatlarını yaymasınlar. Bu, həm də Cinayət Məcəlləsində konkret maddə ilə cinayət məsuliyyəti yaradır”.

MEDİA Agentliyinin əməkdaşı Səbinə Seyidova da media nümayəndələrini həssas təbəqədən olan insanlar haqqında məlumatların işıqlandırılması zamanı maksimum diqqətli olmağa çağırıb. Eyni zamanda bildirib ki, istintaq bitməyən məlumatların açıq şəkildə mediaya çıxarılması qanun pozulmasıdır: "Lakin aparılan təlimlərin böyük təsirini görürük. Əvvəlki illərlə müqayisədə, bu tip halların azaldığının şahidi oluruq. Bu ilin aprelində media orqanlarına redaksiya siyasəti və peşə etikası barədə sənəd göndərilib. Bu sənədlərdə həmin məlumatların hansı formada işıqlandırılmalı olması barədə təlimat qeyd olunub".

Tədbirdə həmçinin "Təmas" təşkilatının həmsədri Südabə Məmmədova çıxış edib. O, regionlarda baş verən qadın zorakılığı hallarına, insan alverinə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyinə diqqət çəkib. S. Məmmədova bu sahədə uğurlu nəticələrə nail olmaq üçün mətbuatla daha sız işləməyin zəruriliyini vurğulayıb.

Sonda "APA Media Group", "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, "Azərbaycan Uşaqları" İctimai Birliyi" və "Təmas" Regional İnkişaf İctimai Birliyi arasında "Tərəfdaşlıq körpüsü" İnformasiya Dəstəyi Memorandumu imzalanıb.