Yeni dərs ilinin tıxac dalğası: Özümüzü yox, CƏMİYYƏTİ DÜŞÜNƏK
    • 6-09-2022, 14:36
    • 444

Yeni dərs ilinin tıxac dalğası: Özümüzü yox, CƏMİYYƏTİ DÜŞÜNƏK

Dərs ilinin başlamasına az qalıb. Yeni dərs ili hər il özü ilə bərabər paytaxt yollarında tıxac problemini də gətirir. Həm yay tətili, məzuniyyət səbəbindən rayonlarda, xarici ölkələrdə olan həmvətənlərimizin paytaxta dönməsi, həm də yüzminlərlə şagird-tələbənin məktəbə gediş-gəlişi yolların yükünü bir neçə dəfə artırır. Nəticədə səhərin erkən saatlarından başlayaraq yollarda keçilməz tıxaclar yaranır.

News24.az-ın əməkdaşı məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayevlə həmsöhbət olub.

O saytımıza açıqlamasında bildirib ki, böyük şəhərlərdə tıxac problemi daim mövcud olub: “Problemin səbəblərindən çox danışmışıq. Gəlin, çıxış yollarından danışaq. Əvvəlcə infrastrukturun yenilənməsinə, modernləşdirilməsinə ehtiyac var. Burada insan faktoru da mühüm rol oynayır. İnfrastruktur nə qədər inkişaf etsə də, insanların davranışı, yol mədəniyyəti bu məsələdə önəm kəsb edir. Məsələn, bəzi valideynlər var ki, onlar sırf avtomobillə övladlarını məktəbə aparırlar, əminəm ki, bu il də eyni planları var. Nə olsun ki, ailədə avtomobil var? Avtomobilsiz də hərəkət etmək mümkündür. Piyada və ya ictimai nəqliyyatdan istifadə həm büdcəyə, həm sağlamlığa, həm də ekologiyaya xeyirdir. Belə olan halda vaxta qənaət amili də qazancdır. Həmçinin məktəblərin qarşısında inzibati xətaları qeydə alan kameraların sayını artırmaq lazımdır”. 


Ekspert cəza tədbirlərinin güclənməsinin vacibliyinə də toxunub: “Vətəndaşlarımız cəza alanda ikinci dəfə onu təkrarlamır. Təklif edirəm ki, hər bir məktəbin önündə bir neçə rakursdan çəkiliş edən kameralar quraşdırılsın. Valideynlər məktəb seçimində yaxşı təhsil müəssisəni axtarmaqla yanaşı, yaxın ərazini prioritet seçməlidirlər. Valideynin qısa müddətdə övladını təhsil müəssisəsinə yerləşdirib, vaxtında işə çatması üçün bu nüans çox önəmlidir. Bəzi valideynlər sürücülərə aylıq müəyyən ödəniş edərək, övladlarını onlara əmanət edirlər. Həmin sürücülər də, məktəbin qapısında uşaqları düşürürlər və sıxlıq yaranır. Halbuki 50-100 metr kənarda da uşaqları düşürmək olar. Ümumən maarifləndirmə işlərini gücləndirməliyik. Bakı Nəqliyyat Agentliyi, Elm və Təhsil Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə maarifləndirici, təsirli videoroliklər çəkilməlidir. Bu addımlar 100 faiz olmasa da, vəziyyətdən müəyyən qədər çıxış yolu olacaq”.

Bəs, görəsən, Bakı Nəqliyyat Agentliyi ehtimal olunan tıxaclarla bağlı addımlar atacqmı, planda nələr var? 

Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinə sorğu ünvanladıq. 

Qurumdan bildirilib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq, əvvəlcədən qabaqlayıcı tədbirlər görülür: “Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırıması üçün tapşırıqlar verilib. Bildirilib ki, gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslar arası intervalın sərnişin axınına uyğun tənzimlənməli, eləcə də tələbat olan xətlər üzrə avtobus sayı artırılmalıdır. Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zərurililiyi diqqətə çatdırılıb.


Sərnişindaşımaların düzgün və səmərəli icra olunması üçün hərəkət iştirakçılarına o cümlədən fərdi avtomobil sürücülərinə anlayışlı olmağı, yol hərəkəti qaydalarına xüsusən də dayanma, durma və parklanma qaydalarına ciddi əməl etməyi tövsiyə edirik. Övladlarını şəxsi nəqliyyat vasitəsi ilə məktəbə aparan valideynlərdən xahiş edirik ki, təhsil müəssisələrinin ətrafında avtomobillərini qadağan olunan yerdə park edib digər hərəkət iştirakçılarına maneə yaratmasınlar. Çünki bu cür hərəkətlər ictimai nəqliyyat istifadəçiləri üçün əlavə çətinliklər yaradır.
Qeyd edilənləri nəzərə alaraq vətəndaşlarımızı mümkün qədər şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə və ictimai nəqliyyata üstünlük verməyə çağırırıq.

Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin ətrafında piyada piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində də müvafiq işlər görülür. Eyni səviyyəli piyada keçidləri yenidən boyanır, zəruri olan yerlərdə piyada keçidlərində sarı döyünən işıqlar quraşdırılır, asfalt üzərinə “Yavaş Məktəb“ xəbərdarlığı qeyd edilir”.