"Şimal axını" boru kəməri yaxınlığında partlayış qeydə alınıb
    • 27-09-2022, 19:45
    • 361

"Şimal axını" boru kəməri yaxınlığında partlayış qeydə alınıb

İsveç seysmoloqları "Şimal axını" və "Şimal Axını-2" boru kəmərləri yaxınlığında partlayışlar qeydə alıb.

APA İsveçin SVT telekanalına istinadən xəbər verir ki, seysmoloqlar partlayışları son 36 saat ərzində qeydə alıblar.

Telekanalın verdiyi məlumata görə, həm İsveç, həm də Danimarkadakı ölçmə stansiyaları bazar ertəsi qaz sızması ilə eyni ərazidə güclü sualtı partlayışlar qeydə alıb.

“Dalğaların aşağıdan səthə necə sıçradığını aydın görə bilərsiniz. Bunun bir partlayış olduğuna şübhə yoxdur. Hətta Gnosjedə bunu qeydə almış bir stansiyamız var”, - İsveç Milli Seysmik Şəbəkəsinin seysmologiya üzrə eksperti Byorn Lund bildirib.

İlk partlayış bazar ertəsi gecə saat 02:03-də, ikinci partlayış isə bazar ertəsi axşam saat 19:04-də qeydə alınıb.

Ərazidəki gəmilər suyun səthində qabarcıqlar aşkar etdikdən sonra, müvafiq olaraq, bazar ertəsi saat 13:52-də və 20:41-də qaz sızması ilə bağlı məlumat yayılıb.

SVT telekanalı qeydə alınmış partlayışların koordinatlarını əldə edib və onlar qaz sızmasının qeydə alındığı ərazidədir.