Media reyestri ilə bağlı bəzi aydın olmayan məqamlar var - Qulu Məhərrəmli
    • 29-09-2022, 16:53
    • 333

Media reyestri ilə bağlı bəzi aydın olmayan məqamlar var - Qulu Məhərrəmli

"Qəzet, sayt, televiziya, ümumilikdə bütün media qurumlarının reyesterinin aparılması çox vacibdir. Amma jurnalistlərin reyesterinin aparılmasında həm prosedur baxımından, həm də medianın fəlsəfəsi baxımından müəyyən problemlər var. Açıqlanan şərtlərdə hansı hallarda reyesterə müraciət edən jurnalistlərin rədd cavabı alacağı qeyd olunub. Əslində təqdim olunan şərtlər normaldır. Lakin 2 bənddə bəzi aydın olmayan məqamlar var.

Bu sözləri News24.az-a açıqlamasında professor Qulu Məhərrəmli deyib.
 
O, qeyd edib ki, əgər jurnalistika ilə məşğul olan şəxs ali təhsilli deyil, fəaliyyət qabiliyyəti yoxdursa, o vəsiqə ala bilməyəcək:  "Kim müəyyən edəcək ki, jurnalistin fəaliyyət qabiliyyəti hansı səviyyədədir və necədir? Deməli, müəyyən ekspertizalardan keçməlidir. Bunu kim edəcək? Bu, hansı mexanizm əsasında aparılacaq? Bəziləri deyir ki, bu, medianın inkişafına təsir göstərəcək, peşəkarı müəyyən etməyə kömək edəcək. Mən anlamıram ki, bu məsələlərin peşəkarlıqla nə kimi əlaqəsi var? Media Reyesteri sadəcə şəffaflığın, aydınlığın mövcudluğuna təsir edəcək". 
 
Qulu Məhərrəmlinin sözlərinə görə, reyesterdən keçmək prosesi sadə görünsə də, bu proses bir sıra mürəkkəbliklər yaradacaq: 

"Həmin qanunda müstəqil jurnalistlərlə bağlı bənd məni narahat edən məqamlardan biridir. Əgər müstəqil jurnalist reyesterdən keçirsə, sadalanan şərtlərə cavab verməli və cavab verdiyi şərtləri təsdiq edən sənədləri prokurorluqdan və s. qurumlardan almalıdır. Sadə görünsə də, o sənədləri düzəltmək və reyesterdən keçmək müəyyən mürəkkəbliklər yaradacaq. Bundan əlavə hansısa müstəqil jurnalist araşdırma mövzusunu media qurumlarında dərc etdirmək istəyəcək. Həmin media qurumu da deyəcək ki, bu, mənə lazım deyil, çünki orada tənqidi məsələlər var. Belə halda müstəqil jurnalist nə etməlidir? O, müstəqil şəkildə reyesterdən keçə bilməz. Mütləq hansısa media qurumunda çalışmalıdır ki, reyesterdə qeydiyyatdan keçə bilsin. Bu baxımdan hesab edirəm ki, gələcəkdə müəyyən çətinliklər ola bilər". 

Ekspert eyni zamanda Media Reyesterinin müsbət cəhətlərindən də bəhs edib. O bildirib ki, bu mexanizm media mühitində şəffaf mənzərə yaradacaq: "Media Reyesterinin olması birinci növbədə şəffaflığı təmin edəcək. Statistik məlumatları əldə etmək asanlaşacaq. Anonimlik aradan qalxacaq. Bütünlüklə mediada şəffaf mənzərə yaranacaq. Bəzən elə saytlara rast gəlirik ki, kimisə təhqir, şantaj edir, əsassız məlumatlar yayır, rekert jurnalistika ilə məşğul olur. Həmin şəxsi, çalışdığı media qurumunu müəyyən etmək istiqamətində hüquqi proses başlayan kimi isə həmin sayt yoxa çıxır. İndi isə bu ictimai dələduzluqların qarşısını almaq mümkün olacaq. Saytın təsisçisi kimdir, saytda kimlər işləyir, ünvanı hardadır və s. qeydiyyata alınır. Bu cəhətdən Media Reyesteri önəmlidir. Əslində bütün prosedurların, reyesterlərin hamısının əsas məqsədi Azərbaycanda keyfiyyətli, cəmiyyətin maraqlarına uyğun informasiya ilə təmin edən media yaratmaq olamlıdır. Əgər məqsəd budursa, onu alqışlamaq lazımdır. Yox, əgər məqsəd media üzərində nəzarət mexanizmi tətbiq etməkdirsə, bu, artıq müzakirə mövzusudur".

Qeyd edək ki, 26 sentyabrda Prezident İlham Əliyevin Fərmanı ilə “Media Reyestrinin aparılması Qaydaları” təsdiq olunub.