Təzə rektor köhnə işçiləri təhdid edir? -İDDİA-SƏS YAZISI
    • 7-10-2022, 17:14
    • 225

Təzə rektor köhnə işçiləri təhdid edir? -İDDİA-SƏS YAZISI

Azərbaycanda daha bir təhsil işçisinin səs yazısı yayılıb. Bu dəfə Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru vəzifəsini icra edən Yaşar Ömərovun tabeliyində çalışan işçiləri təhdid edən audioyazısı ortaya çıxıb.

News24.az
xəbər verir ki,bu barədə Təhsil.biz saytı məlumat yayıb. 

İddia olunur ki, Yaşar Ömərov vəzifəsinin icrasına başlayandan dərhal sonra keçmiş rektor Akif Süleymanova yaxınlığı ilə tanınan bütün kadrları işdən azad etməyə başlayıb.

Sözügedən audioyazıdan aydın olur ki, o, hətta universitetin xanım əməkdaşlarını da təhdid edib. Yaşar Ömərov əməkdaşları keçmiş rektora xəbərçilik etməkdə suçlayaraq, onlardan öz ərizələri ilə işdən getmələrini tələb edir:

“Hələ 2 həftə buradayam. Gedib bu şad xəbəri Akif müəllimə çatdıra bilərsiniz. Yaxşısı budur ki, ərizənizi yazıb öz xoşunuzla işdən gedin, yoxsa sonra hamınızı pis günə qoyacağam”.

Məsələ ilə bağlı sözügedən ali təhsil müəssisəsindən bildirilib ki, universitetdə son dövrdə heç bir əməkdaş işdən azad olunmayıb:“Universitetimizdə hər bir müəssisədə olduğu kimi müqavilə müddəti bitdiyinə görə, yaxud öz ərizəsi ilə işdən ayrılanlar olub. Universitetimiz yeni tədris ilində bir sıra uğurlar əldə edilib - yeni beynəlxalq proqramda iştirak hüququ qazanıb, həyətyanı ərazisində nəzərəçarpacaq abadlıq və quruculuq işləri aparılıb, əməkdaşların maaşları artırılıb. Hazırda universitetdə tədrisin keyfiyyəti artırılıb və tam şəffaf mühit təmin olunub.
Universitetdə həyata keçirilən islahatlar tələbə və əməkdaşlar tərəfindən müsbət qarşılanır. Sadəcə bəzi maraqlı dairələr universitetdə gedən islahatları qəbul etmirlər, işdən öz ərizəsi ilə çıxmış sabiq əməkdaşlardan bu və digər şəkildə sui-istifadə edərək Azərbaycan Texnologiya Universitetinin imicinə zərər gətirməyə çalışırlar”.