Telejurnalistlər üçün təlimlərə başlanılıb - FOTO
    • 10-10-2022, 23:15
    • 279

Telejurnalistlər üçün təlimlərə başlanılıb - FOTO

Bu gün Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə telejurnalistlər üçün “Audiovizual media mühitində universal jurnalist” mövzusunda təlimlərə başlanılıb.

News24.az Medianın İnkişafı Agentliyinə istinadla xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq təcrübəsinin uğurunu məmnunluqla qeyd edib. Vurğulayıb ki, bu təlimlər media sahəsində yeni trendin başlanğıcına, keyfiyyətli kontent yaradılmasına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcək.

Sonra Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov televiziya mühitində çalışan jurnalistlərin yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün xarici mütəxəssislərin cəlb edilməsiylə təlimlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev televiziya sahəsində jurnalistlərin ixtisaslaşmasının və belə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb.

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva belə təlimlərin media nümayəndələrinin biliklərinin artırılmasında və medianın ictimaiyyətə dolğun informasiya çatdırmasında əhəmiyyətini bildirib, ADA Universitetinin İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə medianın inkişafının cəmiyyətimizə müsbət təsir göstərməsindən və bu istiqamətdə jurnalistlərin təcrübələrinin artırılmasının əhəmiyyətindən danışıb.

Təlimlərdə “Əl-Cəzirə” Media Şəbəkəsinin telejurnalisti Mohamed Elatyeb “mobil jurnalistika”, “video jurnalistika”, “televiziya jurnalistikası” və s. mövzularda çıxış edəcək.

Oktyabrın 13-nə qədər davam edəcək təlimlərin məqsədi televiziyada xəbər istehsalının təkmilləşdirilməsi, rəqəmsallaşmanın stimullaşdırılması, audiovizual istiqamətdə xarici bilik və təcrübələrin tətbiqinin genişləndirilməsi və daha keyfiyyətli məzmunun yaradılmasına nail olmaqdır.