Tokayev Transxəzər dəhlizini inkişaf etdirməyə çağırış edib
    • 12-10-2022, 23:31
    • 258

Tokayev Transxəzər dəhlizini inkişaf etdirməyə çağırış edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizini inkişaf etdirməyə çağırış edib.

News24.az Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, bu barədə Prezident Tokayev Astanada Türkiyə ilə Qazaxıstan arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında deyib.

Qeyd edilib ki, iclasın gündəliyinə beş məsələ daxil edilmişdi: xarici siyasət və investisiyalar, ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat və logistika, hərbi sənaye, energetika və kənd təsərrüfatı.
 
“Biz daşınma və çatdırılma müddəti xərclərinin azaldılması üçün Transxəzər dəhlizini inkişaf etdirməyə səsləyirik. Bugünkü görüşdə biz bu məsələni müzakirə etdik və ortaq məxrəcə gəldik. Bu ilin iyun ayında Bakıda üçtərəfli formatda görüş təşkil olundu. Biz bu ənənəni davam etdirmək niyyətindəyik. Növbəti görüşü Aktauda keçirməyi təklif edirəm”, - deyə Kasım-Jomart Tokayev söyləyib.

Öz növbəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xəzərin artan əhəmiyyətini qeyd edib.

“Bakıda üçtərəfli görüş uğurla keçib. Ümidvarıq ki, Aktaudakı görüş bu işi daha irəli aparmağa imkan verəcək”, - deyə Türkiyə Prezidenti vurğulayıb.