"Ermənistanla Qarabağ arasındakı yola nəzarətimiz olmalıdır" - Politoloq
    • 18-10-2022, 23:55
    • 259

"Ermənistanla Qarabağ arasındakı yola nəzarətimiz olmalıdır" - Politoloq

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu müxtəlif zaman kəsiklərində eyni fikri səsləndiriblər: “Qərbi Zəngəzurda nə olacaqsa, Laçın istiqamətində də o olacaq”. Yəni Zəngəzur dəhlizi açıq olacaqsa, Laçına alternativ inşa olunan yeni yol da açıq olacaq, yox, əgər Ermənistan Qərbi Zəngəzurda gömrük və sərhəd xidməti vasitəsilə Azərbaycan vətəndaşlarını yoxlayaraq keçirəcəksə, Ermənistanla Qarabağı birləşdirən yolda da Azərbaycan gömrük və sərhəd xidməti fəaliyyət göstərəcək".

News24.az  xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Onun sözlərinə görə, əslində Qərbi Zəngəzurla bağlı məsələnin həllini gözləmədən gömrük və sərhəd xidmətimiz Ermənistanla Qarabağ arasındakı yolda fəaliyyətə başlamalıdır:

"Doğrudur, bu halda Qərbi Zəngəzurun açıq dəhliz olması ehtimalı azalacaq. Bütün hallarda Ermənistanla Qarabağ arasındakı yola nəzarətimiz olmalıdır, əks halda keçmiş illərdə olduğu kimi bu yoldan silah və sursat keçirmək üçün istifadə ediləcək, xarici vətəndaşlar Azərbaycanın icazəsi olmadan Xankəndinə gələcəklər. Buna son vermək lazımdır".

Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanı Laçına alternativ olan dəhlizin necə olacağı maraqlandırmır:

"Əgər Paşinyan Qarabağ yükünü daşımaq istəmirsə, həmin yol da onu maraqlandırmır, üstəgəl, separatçıların büdcəsinə də maliyyə ayırmaq istəmir".