Qətərin 8 stadionu futbol üzrə dünya çempionatına hazırdır
    • 21-10-2022, 01:49
    • 940

Qətərin 8 stadionu futbol üzrə dünya çempionatına hazırdır

Qətərin ən müasir tələblərə cavab verən 8 stadionu noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək futbol üzrə dünya çempionatına tam hazırdır. Bu barədə QNA agentliyi ölkənin idman rəsmilərinə istinadla məlumat yayıb.

News24.az xəbər verir ki, Qətərdə Xəlifə stadionu istisna olmaqla, qalan 7 stadion məxsusi olaraq dünya çempionatı matçlarının keçirmək üçün tikilib. Onlar bir-birinə o qədər yaxındır ki, azarkeşlər eyni zamanda, bir neçə oyunu izləmək imkanına malik olacaqlar.

Qətərli rəsmilər bildiriblər ki, dünya kuboku bu ölkənin və regionun tarixində dönüş nöqtəsi olacaq, gələcəkdə böyük idman tədbirlərinin təşkilində yeni standartlar müəyyənləşdirəcək səviyyədə miras qoyacaq. Bütün stadionlar orta temperaturu saxlamaq üçün günəş enerjisi ilə işləyən soyutma texnologiyası ilə təchiz edilib. Bu idman obyektləri, həmçinin turnirdən sonra yenidən konfiqurasiya ediləcək standart elementlərinə malikdir. 2022-ci il başa çatdıqdan sonra stadionlarda təxminən 170 min oturacaq söküləcək və idman infrastrukturunu yaxşılaşdırmaq üçün Qətərin yardımı kimi inkişaf etməkdə olan ölkələrə veriləcək. Xüsusən Afrika ölkələrində bu yardım hesabına ortalama 20 min yerlik 22 yeni stadionun tikilməsi nəzərdə tutulub.

Dünya çempionatının keçiriləcəyi ən böyük idman obyekti 80 min yerlik Lusail stadionudur. Dekabrın 18-də oynanılacaq final matçı da burada olacaq.

2022-ci il dünya çempionatı üçün nəzərdə tutulan səkkiz stadionun hamısı Qlobal Davamlılığın Qiymətləndirilməsi Sistemi (GSAS) sertifikatı alıb, üç stadion dörd ulduz, digərləri isə beş ulduz kateqoriyasına layiq görülüb.