Şəhid və qazi övladları sünnət edildi
    • 21-10-2022, 18:47
    • 329

Şəhid və qazi övladları sünnət edildi

Vətən müharibəsi şəhidlərinin, qazilərin, hərbçi ailələrinin övladlarının sünnət olunması üzrə xeyriyyə aksiyası keçirilib.

News24.az xəbər verir ki, aksiya çərçivəsində aztəminatlı, xüsusən də Şəhid və Qazi ailələrinin övladları müəyyən laborator müayinələrdən keçirilib və sünnət edilib.

Tədbirdə bir sıra tanınan simalar - "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, "Natiq" ritm qrupunun rəhbəri, Azərbaycanın xalq artisti Natiq Şirinov iştirak edib.

Ruhi Əliyeva bildirib ki, sünnət prosesi üçün peşəkarlara müraciət etmək mütləqdir: "Bu gün qazi və şəhid övladları üçün xeyriyyə kampaniyası keçirilir. Artıq 3-cü dəfədir ki, mən də bu kampaniyada iştirak edirəm. Həqiqətən də möhtəşəm təklifdir. Bu gün 15 şəhid övladı sünnət olunacaq. Valideynlərə demək istəyirəm ki, sünnət deyiləndə ağıllarına yüngül bir proses gəlməsin. Burada ciddi patoloji məqamlar var. Buna görə də sünnət ediləcək uşaqlar əvvəlcə pediatr müayinəsidən keçməlidir. Əgər səhhətində hər şey qaydasındadırsa, protokol yolu ilə icazə verilirsə, sünnət prosesi həyata keçirilməlidir". 

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova isə əlavə edib ki, bu ənənə 1 ildən artıqdır ki, davam edir: "Bu gün yenə də ənənəvi olaraq hərbçi və şəhid ailələrinin övladlarının sünnət mərasimidir. Biz qərara gəldik ki, şəhid ailələrindən sonra hərbçi övladlarının da müsəlman olmaq missiyasını həyata keçirək. Torpaqlarımızın işğaldan azad olunması hərbçilərin əziyyəti hesabına başa gəlib. Azərbaycan Ordusunda çalışan hərbçilərə mənəvi, psixoloji dəstək, diqqət və qayğı yüksək səviyyədə olmalıdır". 

Tədbirdə bildirildi ki, xeyriyyə aksiyasının bundan sonra da davam edəcək.

Qeyd edək ki, xeyriyyə aksiyası Baku Medical Plazanın Medilux filialında Müdafiə Nazirliyinin, Baku Medical Plazanın tibb fəlsəfə doktoru Dilqəm Məhərrəmov  və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.