Şuşada içməli və çirkab sutəmizləyici qurğuların inşası nəzərdə tutulur
    • 9-11-2022, 12:35
    • 382

Şuşada içməli və çirkab sutəmizləyici qurğuların inşası nəzərdə tutulur

Şuşa şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə alternativ su mənbəyinin yaradılması layihəsi üzrə işlər yekunlaşmaq üzrədir.

Bu barədə News24.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 2 il əvvəl işğaldan azad etdiyi Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi uğurla davam etdirlir.

Prezidentin tapşırıqlarına uyğun olaraq şəhərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə alternativ su mənbəyinin yaradılması layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. “Azərsu” ASC-nin sifarişinə uyğun olaraq Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmərin tikintisi işləri aparılıb. Hazırda layihə üzrə son tamamlama işləri həyata keçirilir.

Yeni mənbə suya tələbatın kəskin artdığı yay aylarında, eləcə də sərt şaxtalar zamanı Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın azaldığı qış aylarında Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının aparılmasına imkan verəcək. Layihəyə uyğun olaraq Kiçik Kirs mənbəsində yenidənqurma işləri aparılıb, yeni sutoplayıcı qurğu, Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara 5,3 km-lik yararsız hissəsi polad borularla əvəzlənib, magistral kəmərin üzərində təzyiqqırıcı və subölüşdürücü kamera inşa olunub.

Təsdiqlənmiş layihəyə uyğun olaraq Şuşa şəhərinin relyef baxımından hündür nöqtələrində 2 ədəd mərkəzi anbarın tikintisinə də başlanılıb. Layihələndirmə zamanı əhalinin dayanıqlı içməli su təchizatının aparılması üçün şəhər 8 müxtəlif təzyiq zonasına bölünüb, bu zonalardan 6-sı özüaxımlı rejimdə, 2-si isə hidrofor nasoslarla su ilə təmin olunacaq.

Şuşa şəhərinin içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulmasının növbəti mərhələsində şəhərdaxili şəbəkələrin tamamilə yenidən qurulması, içməli və çirkab sutəmizləyici qurğuların inşası nəzərdə tutulur. Hazırda “Azərsu” ASC-nin və məsləhətçi şirkətlərin mütəxəssisləri bu istiqamətdə axtarış və tədqiqat işlərini davam etdirirlər.

Qeyd edək ki, Şuşa şəhərinin azad olunması uğrunda döyüşlər zamanı şəhəri içməli su ilə təmin edən hər iki magistral kəməri məqsədli şəkildə sıradan çıxarılmışdı. Qısa müddət ərazində Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilmiş, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə suyun verilməsi təmin olunmuş, şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılmışdı. Hazırda “Azərsu” ASC tərəfindən Şuşa şəhəri, Kəlbəcər, Laçın, Zəngilan rayonları və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edilib.