"Tətbiq edilən güzəştlər ekoloji təmiz avtomobillərə marağın artmasına müsbət təsir göstərə bilər"
    • 16-11-2022, 15:48
    • 296

"Tətbiq edilən güzəştlər ekoloji təmiz avtomobillərə marağın artmasına müsbət təsir göstərə bilər"

Ölkədə iqtisadi fəallığın və əhalinin artması ilə əlaqədar avtonəqliyyat vasitələrinin sayı çoxalır, bu da atmosferə atılmaların həcminin xeyli artması ilə nəticələnir. Nəqliyyat sektorunun ətraf mühitə, o cümlədən iqlim dəyişmələrinə mənfi təsirlərinin azaldılması məqsədilə ölkəmizdə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, bir sıra tədbirlər həyata keçirilir. 

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə News24.az-a bildirib ki, ilk dəfə 2019-cu ildə elektrik mühərrikli avtomobillərin idxalı, bu ilin yanvar ayından etibarən həm də satışı ƏDV-dən azad edilib. Güzəştlər yeni və mühərrik həcmi kiçik olan hibrid avtomobilləri və ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsi üçün enerji doldurucularını da əhatə edir. Onların da idxalı və satışı ƏDV-dən azaddır. 

“Nazirlər Kabinetinin 11 noyabr 2022-ci il tarixli Qərarı ilə elektromobillərin təşviqi ilə bağlı əlavə güzəştlər tətbiq olundu. Elektrik mühərriki ilə işləyən yeni avtomobillər və onların enerji doldurucuları idxal gömrük rüsumundan da azad edildi. Hazırda istehsal tarixi üç ilədək olan yeni elektromobillər və onların enerji doldurma cihazları hər cür vergi və rüsumdan azaddır”. 

Nazir müşaviri qeyd edib ki, tətbiq edilən bu güzəştlər ölkəmizdə ekoloji təmiz avtomobillərə marağın əhəmiyyətli dərəcədə artmasına, eyni zamanda ətraf mühitə, xüsusilə atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərə bilər.