Bakıda “Qara cümə” fırıldağı: Sizi də belə aldadırlar?
    • 21-11-2022, 11:43
    • 248

Bakıda “Qara cümə” fırıldağı: Sizi də belə aldadırlar?

Dünyada və ölkəmizdə "Qara cümə" adlanan endirim kampaniyasına sayılı günlər qalıb. Məhz bu kampaniya günlərində mağazalarda əksər məhsullara böyük endirimlər tətbiq edilir.

News24.az xəbər verir ki, "Qara cümə"nin ölkəmizdə də maraqla gözlənildiyini bilən bəzi işbazlar fərqli yola əl atıblar. Belə ki, onlar məhsulların qiymətini məqsədyönlü şəkildə artırırlar. "Qara cümə" günləri isə həmin məhsulu əvvəlki qiymətinə satırlar və bu yolla guya böyük endirimlərin tətbiq edildiyi təəssüratını yaradırlar.

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, "Qara cümə" kimi tərcümə edilən "Black Friday" alış-veriş aksiyası ölkəmizdə də geniş yayılıb:

"Qara cümə" anlayışı 1932-ci ildə ABŞ-da yaranıb və bir neçə il sonra bütün dünyada məşhurlaşıb. ABŞ-da hər il noyabr ayının dördüncü cümə günü milad alış-verişi mövsümünün başlanğıcı kimi qəbul olunur. Bu günü önəmli edən əsas məqam məhz bu tarixdə mağazalarda əksər məhsullara böyük endirimlərin tətbiq edilməsidir.

Ölkəmizdə bu tendensiya son beş-altı ildir geniş vüsət almağa başlayıb. Öz növbəsində bu gün ölkəmizdə də bir çox mağazalar, pərakəndə şirkətlər öz mallarını normal günlərə nəzərən daha ucuz qiymətə müştərilərə təklif edirlər. Lakin bunu da demək lazımdır ki, Azərbaycanda "Qara cümə" anlayışı Avropa və ABŞ-dan fərqlidir. Məsələ ondadır ki, bizdə "Qara cümə" öncəsi bəzi işbazlar məqsədyönlü şəkildə məhsulların qiymətini artırır. "Qara cümə" günü isə qiymətlər yenidən ucuzlaşır. Yəni dünyada "Qara cümə" günü qiymətlər ucuzlaşdığı halda bizdə olduğu kimi qalır".

Ekspertin sözlərinə görə, "Qara cümə" günü məhsul qiymətlərinin həqiqətən də endirildiyinə nəzarət etmək üçün mexanizm yaradılmalıdır:

"Belə ki, Avropada və ABŞ-da konkret saytlar var ki, məhsulların normal günlərdəki və "Qara cümə" günü qiymətlərini alıcılara təqdim edir. Yəni bu yolla alıcılar məhsulun qiymətinin nə qədər endirimdə olduğunu təyin edə bilir. Hesab edirəm, bizdə də belə bir mexanizmə ehtiyac var. Buna nail ola bilsək, "Qara cümə" günləri Azərbaycan vətəndaşları üçün də dünyanın hər yerində olduğu kimi məhsuldar keçə bilər".