“Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri dosta fərəh, düşmənə GÖZ DAĞIDIR” - ŞƏRH
    • 5-12-2022, 11:59
    • 698

“Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri dosta fərəh, düşmənə GÖZ DAĞIDIR” - ŞƏRH

“Azərbaycan və Türkiyə hərbi təlimləri heç kimə qarşı yönəlməyib”.

Bu fikirləri News24.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib.

Ekspert qeyd edib ki, bu günə qədər Azərbaycan və Türkiyə sayısız ortaq hərbi təlimlər həyata keçirib:

“Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Bizim hərbi sahədə və müdafiə sənayesi potensialı baxımından birgəliyimiz labüdddür. Artıq iki ölkə münasibətlərini ən yüksək səviyyəyə çatdırıb. Şuşa Bəyannaməsi münasibətlərimizin dərinliyini müəyyənləşdirən vacib sənəddir. Bundan sonra ortaq hərbi təlimlərin sayı daha çox olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu NATO standartlarına uyğun yenidən formalaşdırır. Bu prosesdə də qardaş Türkiyə hərbi sisteminin Azərbaycan ordusuna tətbiqi vacibdir. Azərbaycan və Türkiyə müttəfiqliyi istər hərbi, istərsə də digər sahələrdə bölgəyə ancaq sülh və sabitlik bəxş edir. Təxribatçı Ermənistan, İran və onların havadarlarının birgəliyimizdən narahat olmağı başadüşüləndir. Çünki iki qardaş ölkənin siyasi və hərbi gücə çevrilməyini həzm edə bilməyənlər ortaq hərbi təlimləri özlərinə gözdağı hesab edirlər. Amma Azərbaycan və Türkiyənin bir çox sahələrdəki əməkdaşlığı əsla üçüncü qüvvələrə qarşı yönəlməyib. İrandan və digərlərindən fərqli olaraq biz heç kimi hərbi təlimlərlə təhdid edtməmişik bu günə qədər”.

Ekspert bildirib ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında saziş bu tip təlimlərin keçirilməyini davamlı edir:
“Bütün qoşun növləri təlimlərə cəlb edilib. Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə ordusunun müvafiq bölmələri ilə uğurlu təlimlər həyata keçirirlər. Hesab edirəm ki, bu, gələcəkdə Türk Dövlətləri Təşkilatı nəzdində də ortaq hərbi təlimləri labüd edir. Azərbaycan və Türkiyənin hərbi sahədə əməkdaşlığı dostlarımızı sevindirir. Çünki bu təlimlər TDT nəzdində hərbi inteqrasiyanın daha da güclənməsinə əvəzsiz töhfələr verəcək”.