Azərbaycan və Türkiyə QHT-lərinin Forumu keçirilib
    • 10-12-2022, 22:07
    • 194

Azərbaycan və Türkiyə QHT-lərinin Forumu keçirilib

Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan-Amerika Gənclər Birliyi tərəfindən “Cənubi Qafqazda sülh və əməkdaşlıq naminə Türkiyə-Qafqaz vətəndaş cəmiyyətlərinin dialoqu” beynəlxalq Forumu keçirilib.

News24.az "Report"-a istinadla xəbər verir ki, forumda Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş konsulluğunun əməkdaşı Sevinc Süleymanova, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turan, sədr müavini Pərviz Məmmədzadə, İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağamirzə, Qadın Elmi Xadimlər Dərnəyi və digər Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak edib.

Forum iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək Ulu Öndərə həsr olunmuş filmi izləyiblər.

"Azərbaycan-Amerika Gənclər Birliyi"nin sədri Vüqar Əhmədov 44 günlük vətən müharibəsi nəticəsində Azərbaycan və Türkiyənin Cənubi Qafqazda artan rolundan, iki dövlətin regionda sülh və sabitliyə verdiyi töhfəsindən bəhs edib.

Qeyd olunub ki, forumun əsas məqsədi Türkiyə və Azərbaycan QHT-ləri arasında əməkdaşlığın gücləndirilməsi, ortaq strategiyanın hazırlanması və beynəlxalq aləmdə hər iki ölkənin vətəndaş cəmiyyətlərinin sıx iş birliyində hərəkət etməsinə dəstək verməkdir. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə indi heç zaman olmadığı qədər bir-birinə yaxındır və bu ittifaq regionun inkişafı üçün yeni perspektivlər vəd edir.

Forumun sonunda "Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası"nın sədri Ədalət Turan, sədr müavini Pərviz Məmmədzadə, İstanbul Azərbaycan Dostluq Dərnəyinin sədri Hülya Ağamirzə "Azərbaycan-Amerika Gəncləri" İctimai Birliyi tərəfindən təsis olan “Azərbaycan həqiqətlərinin Türkiyə Cümhuriyyəti və beynəlxalq aləmdə təbliğinə görə” medalı ilə təltif olundular.