"Xankəndi-Şuşa yolunda vəziyyət daha ciddi xarakter ala bilər" - Qafar Çaxmaqlı
    • 20-12-2022, 13:56
    • 237

"Xankəndi-Şuşa yolunda vəziyyət daha ciddi xarakter ala bilər" - Qafar Çaxmaqlı

"Laçın yolunda artıq bir neçə gündür ki, aksiyalar davam edir, bundan sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi 
bəlli deyil".

Bunu News24.az-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, politoloq Qafar Çaxmaqlı deyib. 

Politoloqun sözlərinə görə, azərbaycanlı etirazçıların tələblərinin yerinə yetirilməməsi məsələnin daha ciddi xarakter alacağına işarədir:

"Rusiya sülhməramlılarının komandiri Volkov etirazçıların qarşısına çıxmır və heç bir açıqlama vermir. Bu da çoxsaylı suallar doğurur. Ağdərədəki mədənlərdən qızıl, mis, molibden və başqa əlvan metallardan gəlir götürən hansı ölkədir? Hansı ölkənin hakimiyyət dairələridir?  Məsələnin sonunda bunun ortaya çıxacağı şübhəsizdir.  Bir şey məlumdur ki, aksiyaların  hələ ki, heç bir nəticəsi yoxdur. Bəllidir ki, Azərbaycanın sərvətləri Rusiyanın iştirakı ilə talan olunur, Rusiya bu işi davam etdirmək üçün öz emissarını göndərib və Ruben Vardanyanın simasında Rusiya burada özünün planlarını həyata keçirməkdədir. Rusiya bu durumdan istifadə edərək məsələni uzatmaqla Azərabaycanı erməni separatçıları ilə birbaşa təmaslara başlamağa vadar edir.  Rusiya Qarabağdakı mövcud durumu gələcəyə saxlamaqdan yanadır, siyasətini də bu istiqamətdə davam etdirməkdədir. Laçın yolunda Azərbaycanın gömrük postu qoyması məsələsi gündəmə gətirilməli və tələb bu olmalıdır".

Aynurə