Kanada və Litvanı kim “qızışdırıb” Azərbaycanın üzərinə salıb? – ŞƏRH
    • 20-12-2022, 14:29
    • 149

Kanada və Litvanı kim “qızışdırıb” Azərbaycanın üzərinə salıb? – ŞƏRH

“Kanada və Litvanın qərəzli bəyanatları ilə bağlı Azərbaycanın Xarişi İşlər Nazirliyi öz münasibətini bildirib. Çox düzgün və lazımi cavabdır. İndiki xarici işlər naziri əvvəlkinə nisbətən daha operativ fəaliyyət göstərir. Kanadanın Azərbaycanla bağlı hansı problemi olduğunu bilmirəm. Çünki Kanada dövlət kimi İngiltərənin tabeçiliyində fəaliyyət göstərir. Kanadanın xarici siyasətini ancaq İngiltərə formalaşdıra bilər”.

Bu fikirləri News24.az-a açıqlamasında Kanada və Litvanın Azərbaycanla bağlı bəyanatlarını şərh edən politoloq Cümşüd Nuriyev deyib.  

O bildirib ki, Litvanı anlamaq olmur: “Litva SSRİ-nin  tərkibində olub və Azərbaycan qədər əziyyət çəkən bir dövlətdir. Görünən odur ki, Litva daha çox erməni diasporasından aldığı yardımlara görə bu addımı atır. Qeyd edim ki, erməni milyarder Ruben Vardanyanın Litvada bankları var. Onun əli ilə çirkli pullar yuyulur. 

Əslində məsələni Litvanın mövqeyi kimi yox, Litvanın xarici işlər nazirinin mövqeyi kimi anlamalıyıq. Litvanın mediasını araşdırsaq, bunu görə bilərik. Azərbaycandan fərqli olaraq Litvada xarici işlər naziri guya özünü hakimiyyətdən asılı olmadan, daha sərbəst aparır və ağılsız bəyanatlar verir. Onlar dövlət maraqlarından daha çox Avropanın maraqlarına xidmət edirlər. Həmişə xırda dövlətlər özlərini Avropada söz sahibi kimi göstərmək üçün belə addımlar atırlar. Ümumən Litvanın Prezidentinin Azərbaycan Prezidenti ilə şəxsi münasibətləri çox yaxşı səviyyədədir. Ona görə də biz bu məsələni Litvadakı müəyyən qrupların mövqeyi kimi qəbullanmalıyıq”.

Ekspert əlavə edib ki, Azərbaycana qarşı olan bu təqiblər və təzyiqlər artacaq: “Azərbaycan artıq öz mövqeyini ortaya qoyub. Azərbaycan Qafqazda Qərbin yox, özünün milli maraqlarına üstünlük verdiyinə görə, Qərb dövlətlərinin kəşfiyyat orqanlarının təkidi ilə bu tip bəyanatlar veriləcək. Diqqət edin, həm Litvanın, həm də Kanadanın bəyanatı ingilis kəşfiyyatı orqanı MI6 təşkilatının başçısının İrəvana səfəri ilə üst-üstə düşdü. Dünyada pərdəarxası siyasət yürütməkdə ən mahir dövlət ingilislərdir. Çox güman ki, onların iqtisadi maraqları var. Azərbaycan da bu maraqları təmin eləmədiyinə görə bizdən inciyirlər”.