2022-ci il belə yadda qaldı
    • 20-12-2022, 16:05
    • 248

2022-ci il belə yadda qaldı

2022-ci il bir çox ictimai-siyasi hadisələrlə yadda qaldı. Rusiya-Ukrayna müharibəsinin başlaması, İngiltərə kraliçası II Yelizavetanın 96 yaşında vəfat etməsi, İranda etiraz aksiyaları bu ilə damğasını vuran hadisələr arasında idi.

News24.az ilin əsas hadisələrini təqdim edir: 

Fevralın 24-də Rusiyanın Donbasda xüsusi hərbi əməliyyata başlaması ilə Rusiya-Ukrayna müharibəsi start götürdü. Bundan sonra Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik elan edildi. Bu müharibəyə münasibət bildirən bir çox ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq etdi, öz vətəndaşlarını ölkədən çıxardı və rus diplomatlarını öz torpaqlarından qovdu.

2022-ci ilin ən yadda qalan hadisələrindən biri də İngiltərə kraliçası II Yelizavetanın ölümü oldu. O,  96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat etdi. Kraliçanın ölümü ilə  bəzi ölkələrdə matəm elan edildi. Kraliça Yelizabetin dəfn mərasiminə qədər saxlanıldığı "Westminster Hall"dakı tabutunu 250 minə yaxın insan ziyarət etdi. II Yelizavetanın rəsmi dəfn mərasimi sentyabrın 19-da tarixi "Westminster Abbey" kilsəsində dünyanın bir çox yüksək səviyyəli dövlət rəsmilərinin iştirakı ilə keçirildi. Kraliçanın ölümündən sonra onun 73 yaşlı oğlu Çarlz taxta çıxdı və İngiltərə kralı oldu.

İranda 22 yaşlı Məsha Əminin öldürülməsindən sonra alovlanan etrirazlar bu gün də davam edir. Əxlaq polisinə qarşı üsyan təkcə ölkədə deyil, dünyanın bir çox şəhərində etirazlara səbəb oldu. İranda aylardır davam edən nümayişlərdə yüzlərlə insan həyatını itirdi, yaralandı və saxlanıldı. Etirazçılardan 2 nəfər edam edildi.

2022-ci ildə dünya əhalisi 8 milyardı ötdü.

Bu il dünya ölkələrində inflyasiya ən yüksək həddə çatdı. ABŞ-da qiymət artımı iyunda 9,1%-dən çox, Böyük Britaniyada isə oktyabrda 11,1% -ə çatıb.

Qumral Əliyeva