Britaniya mühacirləri yerləşdirməyə 4,2 milyard dollar xərcləyəcək
    • 22-12-2022, 20:40
    • 253

Britaniya mühacirləri yerləşdirməyə 4,2 milyard dollar xərcləyəcək

Böyük Britaniya hökumətinin mühacirlərin məskunlaşması üçün xərcləri 2023-cü ildə 66 faiz artaraq 3,5 milyard funt-sterlinqə (4,2 milyard dollar) çatacaq.

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Lordlar Palatası (parlamentin yuxarı palatası) komitəsinin sorğusuna daxili işlər naziri Suella Bravermanın cavabında deyilir. Nazirin sözlərinə görə, bu il həmin xərclər 2,1 milyard funt-sterlinq (2,5 milyard dollar) təşkil edib.

Suella Braverman hazırda Böyük Britaniyada sığınacaq axtaranların ümumi sayının 117 min nəfərə çatdığını bildirib, halbuki sentyabr ayında bu göstərici 100 min nəfər olub. Bunun əsas səbəbi La-Manş boğazından qanunsuz mühacir axınının kəskin artmasıdır. İlin əvvəlindən bəri həmin marşrutla Birləşmiş Krallığa 40 mindən çox mühacir gəlib. Ötən il onların sayı 28,5 min, 2020-ci ildə isə 8,4 min nəfər idi. Bu il qanunsuz mühacirlər arasında ən çox Əfqanıstan, İran, İraq və Albaniya vətəndaşları üstünlük təşkil edir.