Heyvanlar çiçək xəstəliyindən ölür?- Nazirlikdən AÇIQLAMA
    • 23-12-2022, 11:45
    • 387

Heyvanlar çiçək xəstəliyindən ölür?- Nazirlikdən AÇIQLAMA

Beyləqan və Tərtər ərazisində iri və xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyinin yayılması və vaksinasiya olunan heyvanların kütləvi halda öldüyü iddia olunur. 

News24.az xəbər verir ki, bu barədə jurnalist Həbibə Abdulla sosial şəbəkədə paylaşım edib: “Beyləqanda, Tərtərdə camaata bildiriblər ki, heyvanlar arasında çiçək xəstəliyi yayılıb və bu səbəbdən heyvanları peyvəndləyiblər. Vaksindən sonra heyvanlar qırılır. Nə baytarlıq, nə Kənd Təsərrüfatı Nazirliyi insanların səsinə səs vermir. Bu nə yanaşmadır, nə işdir? Vətəndaşa yazığınız gəlmir, barı qırılan heyvanlara yazığınız gəlsin”.

Mövzunu aydınlaşdırmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən News24.az-a bildirildi ki, sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır: "Çiçək xəstəliyi xırda və iribuynuzlu heyvanlar arasında həmişə yayılan xəstəlikdir və buna qarşı vaksinasiya olunur. Vaksinasiyadan sonra heyvanların ölməsi kökündən yanlış məlumatdır. Heyvanlar 23 gün əvvəl peyvəndlənib. Vaksindən ölmə ehtimalı yoxdur. Əgər elə bir ehtimal olsaydı, iynə vurulan kimi  heyvan ölməli idi. Heyvanlar nə vaksindən, nə də çiçək xəstəliyindən ölür. Heyvanlardan nümunələr götürülüb və analizə təqdim edilib. Analizin nəticələrinə əsasən müəyyən ediləcək ki, heyvanlar hansı səbəbdən ölüb. Nəticələrlə bağlı təsərrüfat sahiblərinə məlumat veriləcək və lazımi tədbirlər görüləcək". 

Qumral Əliyeva