Rasim Balayev OD PÜSKÜRDÜ: “Prezident pul ayırır, amma ortada kino yoxdur...”
    • 24-12-2022, 13:02
    • 474

Rasim Balayev OD PÜSKÜRDÜ: “Prezident pul ayırır, amma ortada kino yoxdur...”

Xəbər verdiyimiz kimi, Anar Kərimov mədəniyyət naziri vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sabiq nazirin qısamüddətli fəaliyyəti və yeni təyin olunacaq nazirdən gözləntilərlə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, xalq artisti Rasim Balayevlə həmsöhbət olduq. 

Xalq artisti News24.az-a açıqlamasında sabiq nazir Anar Kərimovun ona göstərilən etimadı doğrultmadığını bildirib: 

“Cənab Prezident Anar Kərimova etibar edib vəzifəyə gətirdi. Ancaq 1 il ərzində anlaşılan o oldu ki, hərəkət yoxdur. Ciddi narazılıqlar yarandı. Sonda ölkə başçısı Anar Kərimovun işləyə bilmədiyini görüb onu vəzifəsindən azad etdi”. 

Kinematoqrafçılar İttifaqının sədri yeni nazirdən gözləntilərini də açıqlayıb: “Prezident Kino Agentliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Arzu edərdim ki, o agentlik Mədəniyyət Nazirliyindən asılı olmasın, ayrı, sərbəst bir qurum olsun. Bu qurum Nazirlər Kabinetinə və ya Prezident Administrasiyasına tabe ola bilər. 

Vaxtilə Azərbaycan kinosuna cavabdeh olan nazirlik səviyyəsində qurum - Dövlət Kino Komitəsi var idi. Demirəm, sırf onun kimi olsun, amma Kino Agentliyi Mədəniyyət Nazirliyinin əlinə, göstərişinə baxmamalıdır. Mədəniyyət Nazirliyində kino şöbəsi yaratdılar. Bütün problemlər bundan sonra yarandı. Fikrimcə, yenə də Kino Agentliyinə sərbəstlik verilməyəcək, Mədəniyyət Nazirliyində “köhnə hamam, köhnə tas" olacaq”. 

Rasim Balayev bildirib ki, kino sahəsində təcrübəli, peşəkar olan üç-beş nəfər qalıb:

"Amma yeni nəsillərə etibar etmək lazımdır. Əvvəllər cavanlara ikihissəli filmlər verirdilər. Bacarıb-bacarmadıqlarını yoxlayırdılar. Bacaranlara daha sonra böyük kino verirdilər. Gəncləri qabağa çəkmək lazımdır. Bu işlə məşğul olmaq üçün bir qurum yaranmalıdır. Lazım gələrsə, gəncləri Moskva Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutuna göndərsinlər. Hamı deyirdi ki, problem maliyyədir. Prezident pul da ayırır, amma ortada kino yoxdur”.