“Azərbaycanda yayılan xəstəlik KORONAVİRUS DEYİL” – Bu virusun ADI BİLİNMİR
    • 11-01-2023, 14:22
    • 375

“Azərbaycanda yayılan xəstəlik KORONAVİRUS DEYİL” – Bu virusun ADI BİLİNMİR

Son günlər ölkə ərazisində xəstə insanların sayı kəskin artıb. Yayılan xəstəliyin əlamətləri isə demək olar ki, oxşardır. İnsanlarlar günlərlə qrip olur, boğaz ağrısı, qızdırma və s. kimi əlamətlərdən əziyyət çəkirlər. 

Bəs, yayılan bu virus nədir və necə qorunmalıyıq? 

Məsələ ilə bağlı infeksionist Mərdan Əliyevlə həmsöhbət olduq. 

O, News24.az-a  açıqlamasında bu fikirləri bölüşüb: 

“Bu xəstəlik dekabr ayından başlayıb. Kəskin respirator virus infeksiyalarından biridir. Əlamətləri isə burun axması, halsızlıq, qızdırma (bəzi hallarda olmaya bilər), bəzi xəstələrdə oynaq ağrıları və boğaz ağrısıdır. Xəstəlik kəskin bronxit yarada bilir və aylarla davam edir”. 

İnfeksionist bildirib ki, bu infeksiya koronavirus deyil: “Çünki yaxma testlərində cavablar neqativ çıxır. Bu virusun adını dəqiq bilmirik. Çünki bizim əlimizdə bu virusun adını tapmaq üçün testlər etməyə imkan yoxdur. Dövlət xəstəxanalarında bunu təyin etmək olmur. Bəzi özəl xəstəxanalarda bu testlər aparıla bilər. Ancaq proses çox bahalıdır. Hər bir halda bu virusların hamısının müalicəsi eynidir”. 

Ekspert bildirib ki, bütün kəskin respirator virus infeksiyalarında olduğu kimi bu virusda da qorunma metodları eynidir: “İnsanların kütləvi toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan vasitədən, yəni, maskalardan istifadə etməliyik. Bu ərəfələr qonaq gedib-gəlməyi təxirə salmalıyıq. Digər tərəfdən əllərimizi yaxşı yumalıyıq. Yaşadığımız evin, çalışdığımız ofisin havasını tez-tez dəyişməliyik. Özümüzü soyuq havadan qorumalı, maye qəbul etməli, normal yuxu rejimi və keyfiyyətli qidalardan istifadə etməliyik. Çox güman ki, 1 ay sonra bu xəstəlik sonlanacaq, sonra başqa bir mövsümi infeksiya gələcək”.