Azər müzakirə olunan şousu haqda:
    • 19-01-2023, 12:34
    • 390

Azər müzakirə olunan şousu haqda: "TikTok-u mədəniləşdirəcəyəm"

Aparıcı Azər İsmayılovun (Azər Zahid) TikTok-da etdiyi "Təkərdə" şousu bir neçə gündür sosial şəbəkədə müzakirələrə səbəb olub. 

News24.az xəbər verir ki,  bir çoxları statuslar yazaraq, şounun reytinqindən, orada qazanılan pullardan və izləmə sayının çoxluğundan bəhs edib.

Texnobloqer, Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas şou ilə bağlı paylaşım edərək, onun 2 günə 10 min dollar qazandığını vurğulayıb:

"Azərbaycan sosial media məkanında 1 ilk yaşandı. Azər Zahidin təsis etdiyi "Təkərdə" realiti-şousunun canlı yayımına TikTok platforması üzərində real zamanda 50.000 izləyici toplandı. 13 milyon bəyənmə və yüksək hədiyyəli yarışda qazancın 10.000 dollardan çox olduğunu təxmin edirəm. Azər düz edirmi? Əlbəttə, düz edir. "Maşın" şou ola bilər, amma beləsi yox? Yəni əgər efirlərimizdə belə şey varsa, niyə də TikTok-da olmasın. Bu adamlar cəmiyyətin istədiklərini verir".

Məsələ ilə bağlı Azər Zahid Axşam.az-a açıqlama verib. O, səs-küylü şoudan gələn qazancdan, istifadə etdiyi texniki vasitələrdən danışıb:

"Televiziyada şou necədirsə, bizdə də elədir: işçi heyətimiz var, sponsorlarla müqavilə imzalanır, kənardan gələn heyət olur. Sosial şəbəkədə çox söz yazırlar. Yayım texnologiyam, televiziyadakı kimidir. Avtraliyadan, digər xarici ölkələrdən texnika gətirmişəm. TikTok-u hər zaman söyüş yeri kimi tanıyırlar. Mən isə buranı mədəniləşdirmək istəyirəm. Sistemi elə qurmuşam ki, televiziya kimi olacaq. Filan saatda bu proqram, o biri saatda başqa veriliş başlayacaq. İştirakçılar öz yayımlarında başqa cürdür, mən isə etikanı qoruyuram.

Sosial şəbəkədə eyni anda canlı yayımı 50 min izləyici izləməyib. Bu rəqəmlər hər gün artır. Gün ərizndə hesablasaq, bizim ümumilikdə, 1 milyon izləyicimiz olur. Hansı telekanalı 1 gündə bu qədər insan izləyir? Növbəti buraxılışımızda xaricdən iştirakçılar olacaq. Türkdilli dövlətlərdən iştirakçıları birləşdirib, yarışı keçirəcəyəm. Çoxları özləri gəlmək üçün mənə müraciət ediblər. İndi televiziyalar saytlara uduzub. İndi isə sosial şəbəkə hər şeydən birinci gəlir".

Azər "Deyirlər, 2 gündə atılan hədiyyələrdən 10 min dollar qazanmısınız" sualına belə cavab verib:

"Azərbaycanda orada qazanılan pulu çıxartmaq mümkün deyil. İştirakçılara gələn 1, 2 milyonluq hədiyyələr sıralamadan geri qalmasınlar deyədir. Bu işin mətbəxini çoxları bilmir. İnsanlar götürüb 10 min dollar günə qazanmağımı yazmaqdansa, izlənmə rekordumu, televiziya formatını sosial şəbəkəyə gətirməyimi yazsınlar. Bunlar virtual məbləğdir. Tək bir ünvana gəlmir bu məbləğ. Onu gəlir kimi də göstərmək olmur. Azərbaycan bank sistemində bu pulu çıxartmaq sistemi yoxdur. Nəğdləşdirmək olmur. İndi deyirlər Azərbaycanda da TikTok-la müqavilə bağlanacaq. Onda biz də Türkiyə, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdə olduğu kimi onu pul formasında çıxarda biləcəyik. Əvvəl bunu Türkiyə, Rusiya vasitəsiylə pula çevirib çıxartmaq olurdu. Amma ötən ildən bu da mümkün deyil".