Naxçıvanda məktəbə verilən şəhid adını Vasif Talıbov ləğv edib? – “Qürurumuzu sındırdılar...”
    • 25-01-2023, 14:25
    • 1 414

Naxçıvanda məktəbə verilən şəhid adını Vasif Talıbov ləğv edib? – “Qürurumuzu sındırdılar...”

Şəhid qardaşından saytımıza şikayət daxil olub. 

News24.az xəbər verir ki, birinci Qarabağ müharibəsinin polis şəhidi Fikrət Əliyevin qardaşı Azad Əliyev ailələrinə hörmətsizlik edildiyini bildirib.

O qeyd edib ki, Fikrət Əliyev 17.12.1990-cı ildə Şərur rayonunun Havuş kəndində düşmən pusqusuna düşərək qəhrəmancasına şəhid olub. 

F. Əliyevin şəhidliyindən sonra doğulub boya-başa çatdığı Həmzəli kəndindəki məktəbə onun adı verilib.

Şikayətçi sözlərinə belə başlayıb: “2010-cu ildə qardaşımın adı məktəbdən ləğv edildi. Halbuki 20 ildən çox bu ad həmin məktəbdə olub. 

Ötən illər ərzində Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova bir neçə dəfə narahatlığımız barədə şikayət məktubu yazdıq, zəng etdik, amma cavab ala bilmədik. Bircə dəfə Ali Məclisin hüquq şöbəsindən mənə zəng edildi və medal bəhanə gətirildi. Ancaq qardaşım qəhramanlığına görə qırmızı medalla təltif olunub”.


Azad Əliyev deyir ki, hələ də bəzi sənədlərdə məktəbin adı Fikrət Əliyev kimi göstərilir: “Qardaşımın adı əbədiləşdiyi zaman biz nə qədər sevindiksə, qürurlandıqsa, adı ləvğ ediləndə də bir o qədər qürurumuza toxundu. Axı o, təkcə bizim yox, həm də bütöv Azərbaycanın şəhididir. Dövlət qurumları öz şəhidinə sahib çıxmalıdır, ailələrinə qayğı göstərməlidir. Bizə heç vaxt maddi dəstək maraqlı olmayıb, amma mənəvi dəyərimizi əlimizdən almaq birbaşa hörmətsizlikdir”. 

O bildirib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə onlayn müraciət edib: “Bir neçə gün sonra Ali Məclisdən Tural bəy mənimlə əlaqə saxladı. 19.01.2023-cü il tarixində mənə bildirdi ki, bu, mümkündür. Adın yenidən bərpası üçün icra nümayəndəliyi Nazirlər Kabinetinə müraciət etməlidir. Daha sonra Şərur rayonunun icra başcısı Kamal Cəfərova müraciət etdim və məni qəbul etdi. Problemimi dinləyib, şəhidimizin adının yenidən bərpa olunaraq əbədiləşməsi və büstün təmin edilməsi ücün əlindən gələn köməkliyi edəcəyini dedi. Qayğıkeş münasibəti üçün ona təşəkkür edirəm. Amma biz hələ də cavab gözləyirik”. 

A. Əliyev sonda bu fikirləri deyib: “Biz heç vaxt şəhidimizin adından istifadə edib, hər hansı bir maddi kömək istəməmişik. Qardaşımın adı əvvəl əbədiləşdirilməsəydi, büstü muzeydə qalmasaydı və ad ləğv edilməsəydi bizim heç bir tələbimiz olmayacaqdı. Belə bir hadisənin yaşanması şəhidimizə və onun ailə üzvlərinə qarşı böyük hörmətsizlikdir. Qardaşım Fikrət 23 yaşında, nişanlı bir gənc idi. O, vətənin bütövlüyünü ailəsindən, sevdiklərindən üstün tutub, ölümə getdiyini bildiyi halda ona meydan oxudu. Gözəl vətənimiz, bayrağımız uğrunda onlarca güllə yarası alaraq şəhidlik zirvəsinə ucaldı. 


Sonda bir məsələni də qeyd edim. Nazirlər Kabinetinin qərarı ilə şəhid adları Naxçıvanda təhsil müəssisələrindən ləvğ edilirsə, Azərbaycanın digər rayonlarında niyə onlarca məktəb dəyərli şəhidlərimizin adını daşıyır? Naxçıvan Azərbaycanımızın bir parçası deyil? Biz məktəbə yenidən şəhid adı verilməsini istəmirik. Sadəcə, edilən səhvin düzəldilməsini istəyirik. 

Çox ümid edirəm ki, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əvvəlki şəxslərin səhvlərini düzəldib, şəhid ailəsinin qürurunu yenidən bərpa edəcək”. 

Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Şərur rayonunun İcra hakimiyyətinin başçısı Kamal Cəfərovla əlaqə saxladıq. O saytımıza açıqlamasında bu fikirləri bölüşüb: “Sözügedən məsələ ilə bağlı iş gedir, aidiyyəti üzrə məlumatları hazırlamışıq. Bir neçə kəndimizdə belə məsələ var. 2010-cu ildən sonra adlarla bağlı müəyyən dəyişikliklər oldu, adlar götürüldü. Bu məsələ ilə bağlı rayon icra hakimiyyətlərinə müraciətlər var. Bu müraciətləri aidiyyəti üzrə təqdim edəcəyik. Daha sonra qərarı gözləyəcəyik”.