Bakıda inanılmaz hadisə - Qayınanasının çənəsini sındırdı, üz-gözünü göyərtdi
    • 1-02-2023, 10:49
    • 351

Bakıda inanılmaz hadisə - Qayınanasının çənəsini sındırdı, üz-gözünü göyərtdi

Bakıda həyat yoldaşı və qayınanasını vəhşicəsinə döyərək xəsarətlər yetirən 1983-cü il təvəllüdlü Müşfiq Abbasovun məhkəməsi keçirilib.

News24.az-ın əldə etdiyi məlumata görə, ötən ilin 3 iyul tarixində Xətai rayonunda törədilmiş hadisəyə görə Müşfiq Cinayət Məcəlləsinin 127, 128 və 134-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, qəsdən sağlamlığa yüngül zərər vurma və əzab vermə) maddələri ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, ali təhsilli olan Müşfiq 2017-ci ildə Aynur adlı xanımla ailə qurub və onların 3 uşağı dünyaya gəlib. Lakin evlilik müddətində ailədə tez-tez problemlər yaranıb və dava-dalaş düşüb. Müşfiq arvadını hər dəfə döyəndən sonra o, anasıgilə gedib. Sonuncu dəfə iyul ayına belə hal yaşanıb və Aynur qonşuluqda yaşayan anası Svetlananın evinə gedib. Bundan sonra Müşfiq arvadına bıçaq şəkli göndərərək onu hədələməyə başlayıb. Svetlana makler çağıraraq qızına ayrı ev tapmasını xahiş edib. Makler evdən çıxıb gedəndən az sonra Müşfiq qayınanasıgilin qapısını döyüb. Svetlana maklerin geri qayıtdığını düşünərək qapını açıb və bu zaman Müşfiq zorla evə daxil olaraq həyat yoldaşına hücum edib. Svetlana araya girib və qızını qucaqlayaraq onu qorumağa çalışb. Nəticədə Müşfiq qayınanası ilə arvadını yumruq və təpiklə çoxsaylı zərbələr endirərək onları amansızlıqla döyüb. Qonşuların müdaxiləsindən sonra ana və qızını Müşfiqin əlindən almaq mümkün olub.

Hadisədən sonra keçirilən tibbi ekspertiza zamanı Aynurun bədənində alın və sağ dirsək oynağı nahiyəsinin sıyrıqları, hər iki gicgah nahiyələrinin, hər iki gözaltı nahiyə və göz qapaqlarının hematomaları, sol qalça tini nahiyəsinin qançırlarından ibarət xəsarətlər aşkar edilib.

Onun anasının bədənində isə sağ əng sümüyünün basılmış sınığı, alının və sol dirsək oynağı nahiyələrinin sıyrıqları, sol gözaltı nahiyənin və göz qapaqlarının qançırı, üzün sol yarısının, hər iki gicgah və təpə nahiyəsinin hematomalarından ibarət xəsarətlər müəyyən edilib. Hadisə yerindən qaçan Müşfiq həbs edilərək məsuliyyətə cəlb edilib.

Faktla bağlı açılmış cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb. Məhkəmədə Aynur və Svetlana artıq Müşfiqdən şikayətçi olmadıqlarını, onun 4 aydan çox həbsdə saxlanmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş ediblər.

Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesin yekununda Müşfiq 1 il 3 ay 20 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Yanvarın 24-də başa çatan prosesin son iclasında o, məhkəmə zalından azadlığa buraxılıb.