Deputat gediş haqlarının artmasından danışdı: "Vətəndaşlarımız üçün bir yükdür"
    • 1-02-2023, 12:45
    • 270

Deputat gediş haqlarının artmasından danışdı: "Vətəndaşlarımız üçün bir yükdür"

"İctimai nəqliyyatda qiymətlərin artması vətəndaşlarda müəyyən sosial narazılıq yaradıb. Qiymətlərin qalxması vətəndaşlarımız üçün bir yükdür". 

Bunu News24.az-a açıqlamasında millət vəkili Razi Nurullayev deyib.

Deputat sözlərinə belə davam edib: "Digər tərəfdən hökumət sərnişindaşıma ilə məşğul olan şirkətlərə tövsiyə edir ki, avtobus parkını yeniləsinlər, avtobusları təmiz saxlasınlar, yararsız hala düşməsin, ehtiyat hissələri alıb avtobusları yeniləsinlər, keyfiyyəti yaxşılaşdırsınlar. Şirkətlər isə əsas gətirirlər ki, indiki qiymətlərlə bunu etmək mümkün deyil.

Qeyd edək ki, sərnişindaşıma şirkətlərinin də qazancı çox aşağıdır. Çünki qiymətlər qalxdıqca, onların xərcləri də artır. Enerji daşıyıcılarının, neftin, qazın qiyməti artıb. Ona görə də balansı saxlamaq lazımdır. Gərək, sərnişindaşıma şirkətləri gedişhaqlarının qalxmasından keyfiyyətin artırılması üçün istifadə etsinlər. Sərnişinlər 20-30 dəqiqə, hətta saatlarla dayanacaqlarda gözləməsinlər. İnsanlar üst-üstə getməsin, keyfiyyətli xidmət göstərilsin.
 
İstərdim ki, hökumət bu artımdan əziyyət çəkə biləcək tələbələr, əhalinin həssas qrupları üçün güzəşt paketləri tətbiq etsin. Güzəşt paketlərinin subsidiyası da Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsindən ödənilə bilər. Yaxud başqa bir sahədən vəsaitlər sərnişindaşıma şirkətlərinə şəffaf şəkildə ödənilə bilər".