30 qəpik gediş haqqı keçicidir, qiymətlər 40 qəpiyə yüksələcək
    • 31-07-2018, 10:23
    • 2 564

30 qəpik gediş haqqı keçicidir, qiymətlər 40 qəpiyə yüksələcək

Tarif Şurası ictimai nəqliyyatda gediş haqqını 50 faiz artırıb. Yeni qiymətlər 1 avqust tarixindən qüvvəyə minəcək.

Çox güman ki, 30 qəpik gediş haqqı keçid dövrü üçündür. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq.


News24.az -ın məlumatına görə, bu sözləri iqtisad elmləri doktoru Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək.  qərar ilk növbədə taksi xidmətlərinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq və növbəti qiymət artımları üçün əsas yaradacaq.


Tarif Şurası çoxdan gözlənilən qərara imza atdı. Bu günkü iclasında metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.


Həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır. Amma metro kimi əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin əsas nəqliyyat vasitəsində gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək. Çünki, metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir.


İctimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək. Hesab edirəm ki, 30 qəpik gediş haqqı keçid xarakteri daşıyacaq. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı ilə bəhanəsi ilə qiymətlər 40 qəpiyə yüksələcək. Bu sadəcə nəbz yoxlamasıdır. 


Bununla yanaşı bu digər sahələrdə gözlənilən qiymət artımlarının reallaşmasını sürətləndirəcək. Çox güman ki, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun də qiyməti bahalaşacaq. 


Metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımın neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət xüsusilə də aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi qərarlar qəbul etməlidir. Təklif edirəm ki, tələbələrin üçün gediş haqları əvvəlki səviyyədə, yəni 20 qəpik olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı, metroda və digər ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır.


Müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün tarifin 2,4 qəpiyə qaldırılması xüsusilə də mövsüm dövründə rayondan şəhərə daşınan kənd təsərrüfatı mallarının qiymətinə bahalaşdırıcı təsir göstərəcək.


Elvin Nüsrətoğılu