Bakıda yaşayış binasında partlayış oldu - FOTOLAR
    • 2-02-2023, 10:25
    • 184

Bakıda yaşayış binasında partlayış oldu - FOTOLAR

Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

FHN qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Hadisə zamanı partlayış dalğasının təsirindən mənzilin bir otağının pəncərə çərçivəsi yerindən çıxıb, yanğın nəticəsində bir ədəd divan və kreslo qismən yanıb, yüksək temperaturdan bir ədəd kondisioner deformasiyaya uğrayıb. Mənzildə kirayəçi kimi yaşayan bir nəfər yanıq xəsarətləri alıb. Partlayış nəticəsində binanın yaxınlığında dayanan iki ədəd minik avtomobilinə ziyan dəyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.