"İran rejiminin terrorçunu ruhi xəstəxanaya yerləşdirməsi taktiki gedişdir" - Arzu Nağıyev
    • 2-02-2023, 14:54
    • 300

"İran rejiminin terrorçunu ruhi xəstəxanaya yerləşdirməsi taktiki gedişdir" - Arzu Nağıyev

İran rejimi yanvarın 27-də Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyinə qarşı terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadəni ruhi xəstəxanaya yerləşdirib.

Terror aktının ilk günündə Tehran polisi rəisi açıqlama verərək Hüseynzadənin iki azyaşlı uşağı ilə səfirliyə müraciət etdiyini və hadisənin ailə-məişət zəminində baş verdiyini iddia etdi. Bundan sonra İran rejiminin müxtəlif yüksək səviyyəli rəsmiləri eyni iddiadan çıxış etməyə başladı. Lakin yayımlanan faktlar bu iddianın tamamilə absurd olduğunu bir daha nümayiş etdirdi.

Görünür, İran rejimi absurd iddianın ifşa edildiyini görərək hazırda başqa fəndə əl atıb.

Millət vəkili Arzu Nağıyev məsələ ilə bağlı düşüncələrini News24.az-a bölüşüb.

O bildirib ki, İran xüsusi xidmət orqanlarının Tehranda törətdiyi cinayət birmənalı şəkildə terror hadisəsi idi: "Terrorçunun ruhi dispanserə yerləşdirilməsi də taktiki gedişdir, ancaq əbəsdir. Avtomatla silahlanmış bir terrorçunun Azərbaycan Səfirliyinə hücumu, əməkdaşımızı qətlə yetirməsi birmənalı şəkildə İranın Azərbaycana qarşı olan münasibətidir və gərginliyin pik vəziyyətə çatdırılmasıdır. Yaralı şəxslərdən biri bu terrorçunun qarşısını almasaydı itkimiz daha çox ola bilərdi. Ümumiyyətlə, İran xüsusi xidmət orqanlarının cinayətləri birinci hal deyil. Əsas məqsəd gərginliyi daha da ciddiləşdirməkdir. İranın bu təxribatlarının səbəbləri var. 44 günlük Vətən Müharibəsindəki zəfərimizi İran qəbul edə bilmədi. 140 kilometrlik sərhəd bağlandı, oradan keçən qaçaqmalçılığın, narkotik vasitələrin qarşısı alındı.

İran indi də çalışır ki, Zəngəzur dəhlizinin açılışına mane olsun. Bütün bu proseslərdə İran Azərbaycanın nüfuzunun artmasına, müstəqil siyasətinin qarşısının alınması üçün bu hərəkətləri edir. 

Son zamanlar hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatlar göstərdi ki, İranın məqsədi Azərbaycanda öz agentura şəbəkəsini qurmaqdan ibarətdir. Ancaq buna heç vaxt nail olmayacaqlar. Azərbaycanın xarici və daxili siyasəti dönməzdir. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, hər bir vətəndaşın rifahı əsas meyardır".