Şeyxdən səfirlikdəki terrorla bağlı dini liderlərə ÇAĞIRIŞ
    • 7-02-2023, 15:07
    • 215

Şeyxdən səfirlikdəki terrorla bağlı dini liderlərə ÇAĞIRIŞ

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dini liderləri Azərbaycanın İrandakı səfirliyindəki törədilmiş terrora sərt münasibət sərgiləməyə dəvət edib.

News24.az xəbər verir ki, o, bu barədə BMT Sivilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən Beynəlxalq İnsan Qardaşlığı Gününə həsr olunmuş virtual görüşdə çıxış edərkən bildirib.

Şeyxülislam A.Paşazadə din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından irəli gələn təhlükələrin və nifrət çağırışlarının, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərinin, milyonlarla insan üçün xüsusi həssasiyyət kəsb edən dini hisslərin, rəmz və müqəddəsliklərin təhqiri hallarının qarşısının alınması zəruriliyinə diqqəti yönəldib. Bildirib ki, bu yaxınlarda bəzi Avropa ölkələrində - İsveç və Niderlandda radikal şəxslər tərəfindən Quranın yandırılması, Qüdsdə və Peşəvərdə törədilən terror hücumları olduqca təhlükəli təzahürlərdir. Tehrandakı səfirliyimizə insan itkisi ilə nəticələnən terror hücumunu diqqətə çatdıraraq, bunu beynəlxalq hüquqa zidd təxribat aktı, Azərbaycan dövlətinə, xalqımıza birbaşa təhdid kimi qiymətləndirdi və bütün cəmiyyətləri, siyasi, ictimai və dini liderləri buna sərt münasibət sərgiləməyə dəvət edib.