Azərbaycanda vəzifəli şəxsdən ŞOK ƏMƏL – Bacısı ilə yazışan oğlanı...
    • 8-02-2023, 15:03
    • 728

Azərbaycanda vəzifəli şəxsdən ŞOK ƏMƏL – Bacısı ilə yazışan oğlanı...

Lənkəran rayonunda qardaşı ilə birgə gənc oğlanı amansızlıqla döyən vəzifəli şəxsə cinayət işi açılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il sentyabrın 8-də gecə saat 22 radələrində baş verib. Lənkəranda kəndlərdən birinin bələdiyyə sədri olan 1983-cü il təvəllüdlü Cəmil Cəfərov və qardaşı İntiqam Cəfərov (adlar şərtidir) bacıları ilə sosial şəbəkədə yazışan Ülvi adlı oğlanı aldadaraq tövləyə salıblar. Onlar başqa kənddə yaşayan Ülvinin  kəndlərinə bacılarına görə gəlib-getdiyini və burada Cəfərovlara məxsus obyekti də bu niyyətlə icarəyə götürdüyünü öyrəniblər. Bundan sonra iki qardaş Ülvini cəzalandırmaq qərarına gəlib. İntiqam onu aldadaraq obyektin yaxınlığındakı tövləyə aparıb və burada qaranlıqda gözləyən bələdiyyə sədri ilə birgə onu tələyə salaraq amansızlıqla döyüblər.

Hadisə ilə bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə ) maddəsi ilə iş açılıb. İşin materialları daha sonra Lənkəran Rayon Məhkəməsinə göndərilib. Hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs hadisəni belə nəql edib: “Sentyabrın 8-də saat təxminən 22 radələrində iki nəfərlə Lənkəran rayonunun həmin kəndinə icarəyə götürdüyüm obyektə reklam lövhəsi asmaq üçün getmişdim. Ləvəngi dairəsini keçdikdən sonra İntiqama zəng edib gədlyimi dedim. Orada reklam lövhəsini İntiqama göstərdim, onu yuxarı qaldırmaq üçün nərdivan lazım oldu. İntiqam mənə yaxınlıqdakı inqubator fermasının arxasındakı tövləni göstərdi və orada nərdivanın olduğunu bildirdi. Birlikdə həmin tövləyə daxil olanda İntiqam qapını arxadan bağladı, bu zaman Cəmil də içəridə idi. Bələdiyyə sədri olan Cəmil icarəyə götürdüyüm obyektin yerini kimdən öyrəndiyimi soruşdu. Həmin obyekti özüm axtarıb tapdığımı bildirdim. Bunu demişdim ki, bələdiyyə sədri yumruqla sağ gözümə zərbə endirdi, kiçik qardaşı da başı ilə burnuma vurdu. Bundan sonra yerə yıxıldım, onlar məni yumruq, təpiklə döydülər. Təxminən 15-20 dəqiqə döyülmüşəm, aldığım zərbələrdən huşumu itirmişəm, üstümə su töküldükdən sonra ayılmışam. Mənə çıxıb getməyimi tələb elədilər. Mən də yavaş-yavaş fermanın içərisindən çıxdım. Dostum Rəşid kömək edib məni maşınına mindirdi. Dostlarımla birgə Lənkəran ŞRPŞ-nə gəlib hadisə barədə müraciət etdim. İntiqamın bacısı ilə təxminən 3 ay bundan əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşam və onunla yalnız telefonla danışmışam. Aramızda başqa hər hansı bir münasibət olmayıb”.

Zərərçəkən şəxs məhkəmədə onu döyən vəzifəli şəxs və qardaşı ilə barışdığını, şikayət və tələbinin olmadığını deyib. 

Lənkəran rayon Məhkəməsinin hökmü ilə Cəfərov qardaşları hər birinə 1 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib və onlar azadlıqda qalıb.

Taleh BAĞIROV