“Qızımı xilas etmək üçün yalın əllərimlə qazdım” - O fotodakı ata danışdı
    • 10-02-2023, 15:55
    • 222

“Qızımı xilas etmək üçün yalın əllərimlə qazdım” - O fotodakı ata danışdı

Xəbər verdiyimiz kimi, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olan 15 yaşlı qızının əlini buraxmayan Mesut Hançer adlı atanın fotosu dünyada gündəmə çevrilib.

News24.az xəbər verir ki, 49 yaşlı Mesut Hançer qızının dəfn günü Almaniyanın “Bild” qəzetinə həmin dəhşətli gün baş verənləri danışıb.

Onun sözlərinə görə, zəlzələ baş verən zaman çörək sexində işləyirmiş: “Həmin dəqiqə həyat yoldaşıma zəng etdim, iki qızımın və oğlumun yaxşı olduğunu dedi. Lakin həmin gecə kiçik qızım İrmak nənəsigildə qalmışdı. Qohumlarımız gəlmişdi və onlarla birlikdə qalmaq istəmişdi. Çox dua etdim, lakin təəssüf ki, onu itirdik. Mən şahzadəmi xilas etmək üçün yalın əllərimlə qazmağa çalışdım, lakin son nəticədə onu çıxara bilmədim”.

Hançerin həyatını itirən qızının əlini tutduğu anı isə “Frans Press” agentliyinin müxbiri “Adem Altan” çəkib. O, sözügedən fotonu necə çəkməsindən danışıb: “Orada əyləşmişdi. Ətrafında digər insanlar yaxınlarını xilas etməyə çalışırdı. Fotoları çəkə-çəkə irəliləyirdim. Niyə oturduğuna baxdım, biraz diqqətlə baxdıqda bir nəfərin əlindən tutduğunu gördüm. Bir neçə foto çəkdim, sonra isə mənə səsləndi: “Çək, çək, övladımın fotosunu çək””.//qafqazinfo