Əfvlə bağlı Əliməmməd Nuriyevdən Novella Cəfəroğluya cavab: “Siyahını yalnız Prezident bilir...”
    • 21-02-2023, 11:15
    • 200

Əfvlə bağlı Əliməmməd Nuriyevdən Novella Cəfəroğluya cavab: “Siyahını yalnız Prezident bilir...”

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Heydər Əliyevin 100 illiyi münasibətilə hazırlanmış əfv və amnistiya siyahısında bütün siyasi dustaqların adının olmasını və azadlığa qovuşmalarını təklif edib. O bildirib ki, xəstəliyi olan dustaqlar mütləq azad olunmalıdırlar. N.Cəfəroğlu ömürlük həbs cəzası alan OMON-çularla bağlı da bir qərar çıxarılmasını istəyib. Qeyd edib ki, onlar Vətən uğrunda mübarizə aparan şəxslərdir və 20 ildən çoxdur ki, həbsdədirlər.

Təkliflə bağlı Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev News24.az-a düşüncələrini bölüşüb. 

O bildirib ki, hər il hüquq müdafiəçisi Novella Cəfəroğlu da daxil olmaqla müxtəlif şəxslər  əfvlə bağlı müraciətlər edib, siyahılar göndərirlər: “Qanunvericiliyin tələblərinə görə, məhkumların əfv olunması subyektlərindən biri də QHT-lərin ayrı-ayrı məhkumlar barəsində qaldırdığı vəsatət ola bilər. Bu gün konkret olaraq deyə bilmərəm ki, Əfv Məsələləri Komissiyasına kimlər müraciət edib. Bu, etika qaydalarına ziddir. Ancaq onu deyə bilərəm ki, bizə daxil olan müraciətlərlə bağlı hərtərəfli, obyektiv müzakirələr gedir və müvafiq rəylər hazırlanaraq ölkə başçısına təqdim olunur. Vəsatətlər QHT rəsmiləri, Milli Məclisin üzvləri, Penitensiar xidmətin rəsmiləri, yaxud da cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən qaldırıla bilər. Amma kimin əfv olunub-olunmaması birbaşa Prezident İlham Əliyevin səlahiyyətlərinə aiddir, onun konstitusion hüququdur və bu hüquq heç kəslə bölüşülmür, heç kimə verilmir. Biz yalnız siyahını KİV-ə təqdim edəndə kimlərin olduğunu bilirik. Əks halda o siyahını bilmirik”.