Qalmaqallı layihədə kobud səhv: Soyqırım günü qala gecəsi keçiriləcək - FOTOLAR
    • 29-01-2019, 17:36
    • 1 254

Qalmaqallı layihədə kobud səhv: Soyqırım günü qala gecəsi keçiriləcək - FOTOLAR

Əməkdar artist Məlahət Abbasova tərəfindən fırıldaqçılıqda ittiham edilən aparıcı Vüsalə Səid mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, ötən il “Sinemanın kral və kraliçası” layihəsinin Azərbaycan üzrə rəhbəri olan aparıcı haqqında səsləndirilən ittihamlara aydınlıq gətirib:

“Ötən il Azərbaycan sözügedən layihəyə qoşuldu. Seçim turunda 5 nəfər seçildi. İkisi əsas iştirakçı, ikisi əvəzedici, bir xanım isə “Miss Fashion” müsabiqəsi üçün seçildi. Birinci seçilən xanım (red. Səhər Əhməd) ailə vəziyyətini əsas gətirərək, layihənin qaydalarına əməl etmədiyinə görə, bilet alındığı halda qalaya bir həftə qalmış müsabiqədə iştirakdan imtina edib. Biz də şərtlərə əməl etmədiyi üçün onu qəbul edə bilməzdik. İkinci xanım da vətəndə olmadığı üçün “Miss Fashion” yarışına seçilən xanım Pərvin Həsənzadə layihədə iştirak etdi. Pərviz Musayevlə Pərvin ölkəmizi layiqincə təmsil etdi. Bu il fevralın 10-u kastinq qeydiyyatı üçün son tarixdir. Fevralın 20-si layihənin rəhbəri ölkəmizə təşrif buyuracaq. Fevralın 23-ü seçim mərhələsi olacaq. Seçimdən sonra yenidən mətbuat konfransı keçirəcəyik. Bu il qala gecəsində çox məşhur simalar olacaq”.

Aparıcı haqqında səsləndirilən ittihamlara da aydınlıq gətirib:

“Bonie Vie jurnalının rəhbəri, ortaqlardan biri (red. Hakan Solaker) layihənin şərtlərinə əməl etmədiyinə görə uzaqlaşdırıldı. Buna görə bu məsələlər qabardıldı. Məlahət xanımla ittihamlarla bağlı danışdıq. O bildirib ki, Türkiyədə yeni simalara ehtiyac yoxdur. Bu barədə əvvəlcədən mənə  niyə məlumat verməyib?  Onun mənə qarşı öfkəsi var. Onu layihəyə dəvət etdim. O dedi ki, aktyor Saleh Guneyi verilişimdə qonaq edim, razılaşdım. Amma qonaqla birlikdə kastinqə gecikdi, ona səs tonu ilə dedim ki, sizə yaxşılıq etdim ki, bunu mənə edəsiniz? Layihə rəhbəri məni qınayırdı. Bu yaxınlarda Məlahət xanımla əlaqə saxladım, o dedi ki, 400 manat məsələsini deməmişəm. Birinci və ikinci layihədə Hakan Solaker iştirak edib, indi niyə layihəni qaralayır? İki dəqiqədən bir deyir ki, siz pul yığırsız, biz yığmırıq. Bu layihə pis idisə, niyə digər ikisində var idiz, indi çıxıb, pisləyirsiz. Niyə öz layihələri ilə məşğul olmurlar? Biz əngəlli insanlara kömək etmişik. İştirakçılardan isə 150 tl pul alınıb. Bu il isə Azərbaycanda  köməyə ehtiyacı olanlara kömək edəcəyik”.  

Daha sonra layihənin Türkiyə üzrə rəhbəri Atilla Kaplakarslan canlı bağlantı quraraq tədbir haqqında məlumat verib. O bildirib ki, dünyanın hər yerində yarışmalarda pul alınır, bu pulla məhdudiyyətli insanlara yardım edilib. Ötən il müsabiqəyə 1300 nəfər qatılıb.Yüzlərlə gözəllik, moda, film üzrə müsabiqələr var. Heç kim deyə bilməz ki, biz müsabiqə edirik, siz etməyin.

Sonda Atilla Kaplakarslan əsas qala gecəsinin Türkiyədə mart ayının 31-i keçiriləcəyini deyib. Bu isə jurnalistlərin etirazına səbəb olub, onlar tələb edib ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü olduğu üçün tədbirin vaxtı dəyişdirilməlidir. A. Kaplakarslan isə artıq otel danışıldığı üçün vaxtın dəyişdirilməsinin mümkün olmadığını bildirib. V. Səid onun sözünü kəsərək daha sonra bu haqda danışacaqlarını deyib, Atilla isə onunla razılaşıb.

Teymur MƏMMƏDOV