ABŞ-dan Rusiyaya 500-dən çox yeni sanksiya

ABŞ-dan Rusiyaya 500-dən çox yeni sanksiya Dünya

ABŞ prezidenti Co Bayden ABŞ-ın Ukraynadakı müharibəsinin ikinci ildönümü ilə əlaqədar Moskvaya təzyiqi artırmaq üçün Rusiyanı hədəf alan 500-dən çox yeni sanksiya tətbiq edəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, Bayden açıqlamasında ABŞ-ın Rusiyaya dəstək verən 100-ə yaxın təşkilata da yeni ixrac məhdudiyyətləri tətbiq edəcəyini və Rusiyanın enerji gəlirlərini daha da azaltmaq üçün hərəkətə keçəcəyini bildirib.

Bayden bildirib ki, bu tədbirlər Rusiyanı Ukrayna müharibəsi və müxalifət lideri Aleksey Navalnının ölümünə görə məsuliyyətə cəlb etmək məqsədi daşıyır.

Son sanksiyalarla bağlı Bayden deyib: “Onlar Putinə xaricdəki təcavüzü və daxildə təzyiqi üçün daha da ağır ödəniş edəcəklər”.

Sanksiya tətbiq ediləcək qurumlar arasında Rusiyadan 63, Türkiyədən 16, Çindən isə 8 təşkilat var.

Bildirilib ki, sanksiyalar Navalninin həbsi ilə əlaqəsi olan şəxslərlə yanaşı, Rusiyanın maliyyə sektoru, müdafiə sənayesi bazası, satınalma şəbəkələri və bir çox qitələrdə sanksiyalardan yayınanları hədəf alacaq.

Bayden açıqlamasında deyib: “Müharibənin başlamasından iki il sonra Ukrayna xalqı böyük cəsarətlə mübarizəni davam etdirir. Amma onların döyüş sursatı tükənmək üzrədir. Buna görə də Nümayəndələr Palatası çox gec olmadan milli təhlükəsizliklə bağlı əlavə qanun layihəsini qəbul etməlidir”.

Bu paket Rusiyanın 2022-ci ildə on minlərlə insanın ölümünə və şəhərlərin dağıdılmasına səbəb olan Ukraynaya müdaxiləsindən sonra ABŞ, müttəfiqlərinin Moskvaya qarşı elan etdiyi minlərlə sanksiyaların sonuncusu olacaq.

Günel Məlikzadə