Acun Ilıcalıdan "TV8" ilə bağlı qərar
Dünya
Acun Ilıcalının sahibi olduğu "TV8" TV Yayım A.Ş. şirkəti səhmlərin həm kapital artırmaq, həm də mövcud səhm satışı yolu ilə ictimaiyyətə təqdim edilməsi prosesinə rəsmən start verib.
News24.az xəbər verir ki, bununla bağlı şirkət Kapital Bazarı Şurasına rəsmi müraciət edib.
Şirkətin İctimaiyyəti Məlumatlandırma Platformasına təqdim etdiyi açıqlamada bildirilib ki, "TV8"in İdarə Heyəti səhmlərin kütləvi təklif yolu ilə satışına qərar verib və bunun üçün lazımi sənədlər artıq müvafiq qurumlara göndərilib.
"TV8"in nizamnamə kapitalı 150 milyon TL-dən 171 milyon TL-yə yüksəldiləcək. Bu artım nağd şəkildə həyata keçiriləcək və şirkətin mövcud səhmdarı Acun Medya Holding A.Ş. yeni səhm hüquqlarından tam şəkildə imtina edəcək.
Ümumilikdə 35 milyon TL nominal dəyərində 35 milyon ədəd səhmin ictimaiyyətə təqdim edilməsi üçün 14.11.2025-ci ildə Kapital Bazarı Şurasına rəsmi müraciət olunub. Qərarın qüvvəyə minməsi müvafiq qurumların təsdiqindən asılı olacaq.