Parisdə unikal layihə: Eyfel qülləsi kinoteatra çevrilir
Dünya
Eyfel qülləsində ilk dəfə pulsuz kino festivalı keçiriləcək
News24.az xəbər verir ki, "Time Out" nəşrinin məlumatına görə, sentyabrın 24-27-də Parisin simvolu olan Eyfel qülləsinin birinci mərtəbəsində yerləşən "Gustave Eiffel" zalında ilk dəfə pulsuz kino festivalı təşkil olunacaq.
57 metr yüksəklikdə yerləşən məkan şüşə divarları vasitəsilə Paris mənzərəsini izləyərək filmə baxmaq imkanı yaradacaq.
Festivalın təşkilatçısı olan "mk2" şirkətinin baş direktoru Elişa Karmits bildirib ki, layihənin məqsədi Eyfel qülləsini fərqli formatda yenidən parislilərə təqdim etməkdir.
Qülləni idarə edən şirkətin rəhbəri Patrik Branko Ruyvo isə qeyd edib ki, Eyfel qülləsi uzun illərdir kinematoqrafiya ilə sıx bağlıdır və bir çox rejissora ilham mənbəyi olub.
Festivalın film proqramı və xüsusi qonaqların siyahısı 8 sentyabrda açıqlanacaq. Tədbirə giriş ödənişsiz olacaq.