Aİ köhnə avtomobillərlə bağlı yeni qaydalar tətbiq edir

Aİ köhnə avtomobillərlə bağlı yeni qaydalar tətbiq edir   Dünya

Avropa İttifaqında istismar müddətini başa vurmuş nəqliyyat vasitələrinin təkrar emalı və utilizasiyası ilə bağlı yeni qaydalar avqustun 13-dən qüvvəyə minəcək.

News24.az -ın məlumatına görə, yeni tənzimləmələr avtomobil sektorunda təkrar emalın artırılmasını, qiymətli xammalın bərpasını və ətraf mühitə təsirin azaldılmasını hədəfləyir.

Qaydalara əsasən, avtomobillər gələcəkdə daha asan sökülə və hissələri təkrar istifadə oluna biləcək şəkildə dizayn edilməlidir. İstehsalçılar həmçinin avtomobillərdə təkrar emal olunmuş materiallardan istifadəyə dair məcburi tələblərə əməl etməli olacaqlar.

Belə ki, 2032-ci ildən yeni avtomobillərin tərkibində ən azı 15 faiz, 2036-cı ildən isə 25 faiz təkrar emal olunmuş plastikdən istifadə nəzərdə tutulur. Polad və alüminium üçün də gələcəkdə təkrar emal olunmuş material tələbləri müəyyən ediləcək.

Yeni qaydalar istismar müddətini başa vurmuş avtomobillərin toplanması və izlənməsinə nəzarəti də gücləndirəcək. Alüminium, mis və nadir torpaq elementləri kimi mühüm xammalların avtomobillərdən daha çox bərpa edilməsi üçün əlavə tədbirlər görüləcək.