Almaniyada keçmiş maliyyə naziri dələduzların qurbanına çevrildi

Almaniyada keçmiş maliyyə naziri dələduzların qurbanına çevrildi Dünya

Almaniyanın Şlezviq-Holşteyn əyalətinin sabiq maliyyə naziri Rayner Viqard feysbuk dələduzlarının qurbanı olub.

News24.az xəbər verir ki, kibercinayətkarlar onun feysbuk hesabını ələ keçirərək profilin adını "Snow Highmountains" olaraq dəyişiblər, siyasətçinin şəklini isə naməlum qadının fotosu ilə əvəz ediblər. Daha sonra həmin hesab vasitəsilə istifadəçilərə onun adından mesajlar göndərməyə başlayıblar.

Bildirilir ki, Viqardın dost siyahısında tanınmış siyasətçilər olduğundan saxta profil daha inandırıcı təsir bağışlayıb.

Dələduzlar klassik "sevgi fırıldağı" (romance scam) üsulundan istifadə ediblər. Onlar əvvəlcə romantik maraq göstərərək qarşı tərəfin etimadını qazanmağa çalışıb, daha sonra isə guya təcili yaranmış problem bəhanəsi ilə pul istəyiblər.

Rayner Viqard uzun müddətdir feysbukdan istifadə etmədiyini, hesabının sındırıldığını yalnız "BILD" qəzetinin sorğusundan sonra öyrəndiyini bildirib. O, hadisə ilə bağlı polisə müraciət edib.