Avropa İttifaqının rəsmi saytı kiberhücuma məruz qaldı
Dünya
Avropa İttifaqının rəsmi saytı kiberhücuma məruz qalıb.
News24.az xəbər verir ki, bu barədə Avropa Komissiyası yazılı açıqlama yayıb.
Bildirilib ki, hücum martın 24-də baş verib. İlkin araşdırmalar nəticəsində bəzi məlumatların oğurlandığı ehtimal edilir. Komissiya hücumun qarşısını almaq üçün dərhal tədbirlərin görüldüyünü və daxili sistemlərin zərər görmədiyini qeyd edib.
Açıqlamada həmçinin təsirə məruz qala biləcək Avropa İttifaqı qurumlarının məlumatlandırıldığı vurğulanıb. Komissiya Avropada kritik xidmətlər və demokratik institutlara yönələn kiber və hibrid hücumlara qarşı kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Qeyd edək ki, Avropa Komissiyasının mobil infrastrukturu da bu ilin 30 yanvarında kiberhücuma məruz qalmışdı. Həmin hücum nəticəsində bəzi əməkdaşların adları və mobil telefon nömrələrinin ələ keçirilə biləcəyi açıqlanmışdı.
Nilufər