Avropada sərt qış: məktəblər bağlandı, reyslər ləğv edildi
Dünya
Son günlər Avropa sərt qış hava şəraiti ilə mübarizə aparır. Ekstremal temperatur və güclü qar yağışı bir çox ölkədə aviareys və qatarların ləğvinə, yollarda kilometrlərlə tıxaclara, həmçinin məktəblərin bağlanmasına səbəb olub.
News24.az xəbər verir ki, ən ağır vəziyyət Niderlandda qeydə alınıb. Hava şəraiti və texniki nasazlıqlar nəticəsində ölkədə dəmir yolu nəqliyyatı demək olar ki, tam iflic olub. Amsterdamdakı “Şiphol” hava limanında isə gün ərzində təxminən 700 reys ləğv edilib ki, bu da planlaşdırılan 1200-ə yaxın uçuşun yarıdan çoxu deməkdir.
Parisə xidmət göstərən Şarl-de-Qoll və Orli hava limanlarında aviaşirkətlər reyslərin 15 faizini ləğv etməyə məcbur qalıb. Böyük Britaniyanın bir neçə hava limanında da uçuşlar dayandırılıb.
Fransada vəziyyət xüsusilə gərgin olub: Normandiya, Bretan bölgələri və Paris ətrafında ümumi uzunluğu təxminən 1000 kilometrə çatan avtomobil tıxacları yaranıb. Normandiyada hava şəraiti ilə əlaqəli yol-nəqliyyat hadisələri nəticəsində azı beş nəfər həyatını itirib.
Qar və şaxta yüksək sürətli qatarların hərəkətinə də təsir edib. Fransanın TGV sürət qatarları sürəti 300 km/saatdan 200 km/saata endirməyə məcbur olub. Parisdə avtobusların hərəkəti dayandırılıb, bəzi tramvay xətləri üzrə isə nəqliyyatın fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Birləşmiş Krallıqda yüzlərlə məktəb bağlanıb. Rəsmilərin məlumatına görə, təkcə Şimali İrlandiyada 212 təhsil müəssisəsi fəaliyyətini dayandırıb. Şotlandiya və Uelsdə də kütləvi məktəb bağlanmaları müşahidə olunur.
İspaniyanın Balear adalarında da güclü qar müşahidə olunub. Mayorka və digər əksər bölgələrdə üçüncü səviyyə təhlükə — “sarı” xəbərdarlıq elan edilib.
Polşa dəmir yolları da güclü qar yağışı səbəbindən qatarların saatlarla gecikdiyini və bir qisminin ləğv edildiyini açıqlayıb. Bosniya və Herseqovina, eləcə də İsveç hava limanlarında da reyslərin ləğvi barədə məlumatlar yayılıb.