Belçikada faciə - Qatar məktəblilərin olduğu avtobusla toqquşdu
Dünya
Belçikanın Büqxenxaut şəhərində qatar məktəbliləri daşıyan mikroavtobusla toqquşub.
News24.az xəbər verir ki, bu barədə VRT telekanalı məlumat yayıb.
Səhər saatlarında baş varən qəza nəticəsində ölənlərin olduğu bildirilib.
Məlumata görə, toqquşma zamanı keçiddəki şlaqbaumlar endirilib, siqnal işıqları isə yanırmış.
Maşinist təcili əyləcdən istifadə etsə də, toqquşmanın qarşısını almaq mümkün olmayıb.
RTL-in məlumatına görə, zərbə o qədər güclü olub ki, mikroavtobus aşaraq yolun hərəkət hissəsinə düşüb.
Müxtəlif məlumatlara əsasən, mikroavtobusun salonunda yeddi uşaq olub. Bütün yaralılar xəstəxanalara çatdırılıb. Yaralananların vəziyyəti ilə bağlı hələlik məlumat verilməyib.
Qəza nəticəsində dörd nəfər — iki yeniyetmə, sürücü və bələdçi həlak olub.
Qatarda təxminən 100 sərnişin olub və onlardan heç biri xəsarət almayıb.
Dendermonde ilə Londerzel arasındakı dəmir yolu hərəkəti tam dayandırılıb.