BMT: Silahlı münaqişələr və borc yükü yoxsulluğu ağırlaşdırır
Dünya
Dünyada təxminən 800 milyon insan hələ də kəskin yoxsulluq şəraitində yaşayır.
News24.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş Pekində keçirilən Yoxsulluğun Azaldılması və İnkişaf üzrə Qlobal Forum iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
"800 milyon insan – qadınlar, uşaqlar və kişilər ucqar kənd yaşayış məntəqələrindən tutmuş, sıx məskunlaşmış şəhər gecəqondularına qədər hələ də kəskin yoxsulluq şəraitində yaşayır", - müraciətdə vurğulanıb.
Sənədi BMT-nin Çindəki daimi koordinatoru Stiven Cekson səsləndirib.
Baş katib qeyd edib ki, bu insanların vəziyyətini silahlı münaqişələr, iqlim dəyişiklikləri, artan bərabərsizlik və ağır borc yükü daha da çətinləşdirir. O, hökumətləri layiqli iş yerlərinin yaradılmasına, keyfiyyətli təhsilin təmininə, səhiyyə sisteminin inkişafına, kənd yerlərinin dayanıqlı inkişafına və ümumi sosial müdafiə sisteminin formalaşdırılmasına vəsait ayırmağa çağırıb.
Bundan əlavə, Quterreş ədalətsiz qlobal maliyyə arxitekturasının dəyişdirilməsinin vacibliyinə diqqət çəkib. O vurğulayıb ki, inkişaf etməkdə olan dövlətlərin öz inkişaflarına sərmayə qoymaq üçün maliyyə resurslarına və fiskal imkanlara, həmçinin beynəlxalq səviyyədə layiqli dəstəyə və ədalətli təmsilçiliyə ehtiyacı var. (report.az)