"ChatGPT" rekord qırdı

"ChatGPT" rekord qırdı Dünya

ABŞ-də yaradılan süni intellekt əsaslı söhbət proqramı "ChatGPT" Avropada aylıq 120 milyon istifadəçi həddini keçib.

News24.az xəbər verir ki, bu göstərici proqramın qitədə nə qədər sürətlə yayıldığını göstərir.

OpenAI şirkəti bildirib ki, "ChatGPT" Avropa İttifaqında çox böyük istifadəçi kütləsinə çatıb. Buna görə də, proqram Avropa Komissiyasının daha ciddi nəzarəti tətbiq oluna bilər.

Komissiyanın sözçüsü bildirib ki, "ChatGPT" artıq “ən böyük və ən çox qaydalarla tənzimlənən platformalar” siyahısına daxil edilə bilər. Bu qiymətləndirmə Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində aparılır. Qanun internetdə zərərli və qanunsuz məzmunun yayılmasının qarşısını almağa yönəlib.

DSA -ya əsasən, cəmiyyətə böyük təsir göstərən platformalar daha ciddi nəzarət və hesabat öhdəlikləri daşıyır. Aylıq 45 milyondan çox istifadəçisi olan "Facebook", "TikTok", "Instagram" və "Amazon" kimi şirkətlər bu qanuna uyğun olaraq daha yüksək nəzarət ödənişləri verməli və mütəmadi hesabat təqdim etməlidir.

"ChatGPT"nin Avropada istifadəçi sayı bu ilin 30 sentyabrınadək olan altı aylıq dövrdə orta hesabla 120,4 milyon nəfər olub.

Bildirilib ki, bu rəqəmi əsasən proqramın axtarış funksiyasından istifadə edən AB sakinləri təşkil edir və "ChatGPT"nin bütün xidmətlərini tam əhatə etmir.

Bununla yanaşı "ChatGPT"- nin sentyabr ayında dünya üzrə 700 milyon həftəlik aktiv istifadəçisi olduğu açıqlanıb. Bu da proqramın qlobal miqyasda böyük təsir gücünə malik olduğunu göstərir.

Avropa Komissiyası DSA çərçivəsində qiymətləndirilən platformaları hər altı aydan bir yeniləyir. Əgər "ChatGPT" “çox böyük onlayn platforma” kimi təsnif edilərsə, siyahıdakı şirkətlərin sayı 26-ya çatacaq.

Hazırda siyahıda "Facebook", "Instagram", "TikTok", "LinkedIn", "Amazon", "Zalando", "Temu" və "Shein" kimi nəhəng platformalar yer alır. Komissiyanın sözçüsü bildirib ki, "ChatGPT" hazırda “qiymətləndirmə mərhələsindədir” və hər bir platforma ayrıca araşdırılır.

Xeyrənsə Piriyeva