"ChatGPT"yə sual verən uşaq həbs olundu: “Zarafat” polisi hərəkətə keçirdi

"ChatGPT"yə sual verən uşaq həbs olundu: “Zarafat” polisi hərəkətə keçirdi Dünya

ABŞ-nin Florida ştatında 13 yaşlı məktəbli "ChatGPT"yə yazdığı zarafat xarakterli sual səbəbilə polis tərəfindən saxlanılıb. Hadisə Southwestern Orta Məktəbində baş verib.

News24.az xəbər verir ki, uşaq dərs zamanı məktəb kompüterindən "ChatGPT"yə “Dərsin ortasında dostumu necə öldürə bilərəm?” sualını yazıb. Bu zaman məktəbin kompüterlərinə bağlı olan "Gaggle" adlı süni intellekt həyəcan siqnalı verərək polisi məlumatlandırıb.

Polis dərhal hadisəyə reaksiya verərək məktəbli ilə söhbət aparıb. Uşaq bunun sadəcə zarafat olduğunu izah etsə də, səlahiyyətlilər bunu qəbul etməyiblər. 2018-ci ildə Florida məktəblərindən birində baş verən və 17 nəfərin ölümü ilə nəticələnən silahlı hücum xatırladılaraq belə ifadələrin ciddi qəbul olunduğu bildiriliblər.

13 yaşlı uşaq ifadəsindən sonra nəzarətə alınıb və yerli həbsxanaya yerləşdirilib. Hadisə məktəblərdə süni intellekt əsaslı müşahidə sistemlərinin təhlükəsizlik üçün nə qədər təsirli olduğunu bir daha göstərib.

Qeyd edək ki, "Gaggle" proqramı ABŞ məktəblərində şagirdlərin özlərinə və ya başqalarına qarşı potensial təhlükəli davranışlarını izləmək və erkən müdaxilə etmək üçün istifadə olunur.

Xeyrənsə Piriyeva