Damlar uçdu, metal lövhələr qırıldı: İstanbul fırtınaya təslim oldu
Dünya
İstanbulda səhər saatlarından etibarən başlayan güclü fırtına və leysan yağışı həyat şəraitini çətinləşdirməyə davam edir.
News24.az xəbər verir ki, Bəyoğlu rayonunda ikimərtəbəli və dördmərtəbəli iki binanın damı fırtınanın təsiri ilə yerindən qopub. Hadisə zamanı bina sakinləri təşviş içində çölə çıxıb. Damdan qopan hissələr yol kənarında park edilmiş 4 avtomobilin üzərinə düşərək nəqliyyat vasitələrinə ziyan vurub.
Rayonun digər səmtində kökündən çıxan ağaclar iki yaşayış binasının üzərinə düşüb, binanın damına ciddi ziyan dəyib. Həmçinin, yol kənarına təhlükəsizlik məqsədilə qoyulan metal baryerin bir hissəsi küləyin təsiri ilə yola aşıb.
Leventdə isə bir tikintinin ətrafına quraşdırılmış metal lövhələr güclü külək səbəbindən ətrafa səpələnib. Qopan hissələr park halında olan bəzi avtomobillərin üzərinə düşüb.